Azərbaycanın sərhəd fəaliyyəti: yalan iddialar və delimitasiya prosesinə baxış- ÖZƏL
16:06 SiyasətErmənistan müxalifətinin lideri Arman Tatoyan Azərbaycanın Ermənistan ərazisində yeni hərbi postlar qurduğunu iddia edib, lakin rəsmi mənbələr bunu təsdiqləmir və ekspertlər iddianı delimitasiya komissiyasının yaxın görüşü ilə əlaqələndirir.
Ermənistan müxalifətinin bu iddialarla məqsədi nədir-Paşinyana təzyiq göstərmək, yoxsa başqa bir siyasi niyyət var?
Mövzu ilə bağlı siyasi şərhçi Xasay Gəraylı Olaylar.az-a açıqlama verib:
" Ermənistan müxalifətinin nümayəndəsi Arman Tatoyan tərəfindən Azərbaycanın Ermənistan ərazisində yeni hərbi postlar qurduğu iddiaları nə beynəlxalq səviyyədə təsdiqlənib, nə də rəsmi mənbələr tərəfindən dəstəklənir. Yəni bu, tamamilə yalandır, uydurulmuş bir fikirdir. Təbii ki, bu, daha çox siyasi məqsəd daşıyır. Azərbaycanın rəsmi mövqeyi ondan ibarətdir ki, ölkə yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində fəaliyyət göstərir və bu, 1991-ci ildə Alma-Ata bəyannaməsinə əsaslanan delimitasiya prosesinin tərəfdarıdır. Bu prosesdə Azərbaycan tərəfindən baş nazir müavini Şahin Mustafayev, Ermənistan tərəfindən isə Qriqoryan rəhbərlik edir. Görüşlərin keçirilməsi isə əslində dialoqun davam etdiyini göstərən müsbət bir siqnaldır. Kontekstdə səslənən iddiaların bir neçə mümkün siyasi motivi ola bilər. Birincisi, daxili siyasi təzyiq mexanizmi. Ermənistan müxalifəti delimitasiya prosesini əsaslandırmaqla hakimiyyətə qarşı təzyiq göstərmək istəyir. Bu, birbaşa daxildə siyasi təzyiq aləti kimi çıxış edir. Sərhədin hüquqi əsaslarla müəyyənləşdirilməsi, Ermənistan daxilində radikal dairələr üçün həssas bir mövzudur. Danışıqlar zamanı informasiya fondu yaratmaq, ikinci məsələ budur. Belə bəyanatlar psixoloji və siyasi fon yaratmaq üçün nəzərdə tutulur. Məqsəd prosesləri çətinləşdirmək və Ermənistan tərəfinin mövqeyini sərtləşdirməkdir, bir növ sülhün qarşısını almaq və ya gecikdirməkdir.
Reallığı siyasi ritorika ilə əvəz etmək cəhdidir. Əgər faktiki dəyişiklik yoxdursa, yeni post iddiası yalnız auditoriyada emosional təsir yaratmaq məqsədilə irəli sürülür. Azərbaycan hazırda hüquqi çərçivədə delimitasiya prosesini və regionda sabitliyin təmin edilməsini davam etdirir. Ölkə heç bir şəkildə regionun təhlükəsizliyini pozmur. Azərbaycan yalnız beynəlxalq hüquq tərəfindən tanınmış ərazisində fəaliyyət göstərir. Mövcud vəziyyətdə iddialar daha çox siyasi mübarizə xarakteri daşıyır. Ermənistan müxalifəti delimitasiya prosesini zəiflətmək və hökumətə qarşı təzyiq göstərmək üçün bu cür iddialardan istifadə edir. Azərbaycan tərəfi isə hüququ və regionun sabitliyini qorumağı prioritet hesab edir. Bu baxımdan, əsas iddialar prosesə xidmət etmir və konstruktiv dialoqa mane olur".
Zeynəb Mustafazadə