Enerji forumlarının əhəmiyyəti region hüdudlarını çoxdan aşıb- ÖZƏL

"Bu gün Azərbaycan regional fosil yanacaq tədarükçüsü statusundan qlobal enerji təhlükəsizliyinin və ekoloji dayanıqlığın əsas memarlarından birinə doğru inamla transformasiya olunur. Bakıda Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası və Yaşıl Enerji üzrə Şura çərçivəsində keçirilən nazirlər görüşləri ölkəmizin Şərqlə Qərb arasında etibarlı körpü rolunu bir daha təsdiqləyir". "Olaylar" xəbər verir ki, bunu  Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib: "Dövlətimizin ekoloji siyasəti dərin praqmatizmə əsaslanır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, müasir reallıqlarda fosil yanacaqları görməzlikdən gəlmək illüziya ilə yaşamaq deməkdir. Azərbaycan bir əsrə kifayət edəcək qaz ehtiyatlarına malikdir, eyni zamanda bərpa olunan enerji mənbələrinə milyardlarla dollar sərmayə yatırır. Bu, sadəcə bəyanat deyil, ənənəvi və alternativ energetikanın yanaşı olaraq  inkişafı strategiyasıdır.

Bakıda keçirilən enerji forumlarının əhəmiyyəti region hüdudlarını çoxdan aşıb. Bu gün biz qazı 16 ölkəyə ixrac edirik və boru kəmərləri vasitəsilə tədarük edilən qaz üzrə alıcı ölkələrin sayına görə dünyada birinci yeri tuturuq. Azərbaycan qazının istehlakçıları arasında artıq Almaniya və Avstriya da daxil olmaqla Avropa İttifaqının 10 üzv dövləti var. Fevralın 3-də nazirlərin toplantısı zamanı çıxış edən Prezident İlham Əliyev bu il bir sıra qaz yataqlarında hasilata başlanacağını bəyan edərək deyib: "Cari ildə "Azəri-Çıraq-Günəşli" yatağının dərin qaz laylarından hasilatın başlanmasını gözləyirik. Hasilatın ötən il başlanacağı gözlənilirdi, lakin bu, baş vermədi. Bununla belə, hasilatın məhz cari ildə başlanacağına əminik. İki-üç il ərzində "Abşeron" yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyirik ki, bu da "Abşeron"dan qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda, "Ümid" yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir. Təbii qazın əsas mənbəyi olan "Şahdəniz" yatağımızla bağlı olaraq deyə bilərəm ki, 2028-ci ildə "Şahdəniz"in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik. Qeyd olunan bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31