Türkiyə üzərində raket insidenti: NATO faktoru və regionda artan risklər- ÖZƏL

Xəbər  verdiyimiz  kimi  İran   Türkiyə üzərindən ballistik raketin zərərsizləşdirilməsini həyata  keçirib.

Türkiyə üzərində ballistik raketin zərərsizləşdirilməsi regionda təhlükəsizlik balansına necə təsir göstərə bilər? Ankara və Tehran arasında bu kimi gərginlik Yaxın Şərqdə yeni siyasi qarşıdurmalara səbəb ola bilərmi?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib: 
" İranın Türkiyə ərazisindəki NATO bazalarına tuşlanmış raketləri hazırda onunla ABŞ arasında yaşanan qarşıdurma baxımından anlaşılan olsa da, İran və ABŞ arasındakı münasibətlərdə gərginliyin aradan qaldırılması üçün dəfələrlə vasitəçilik edən Türkiyənin hava məkanına olan müdaxilə təəssüf doğurmaya bilmir. İran bunu ona təcavüz edən ABŞ-ı durdurmaq məqsədi ilə, habelə beynəlxalq hüquqa görə müdafiə məqsədlərindən irəli gəldiyini bildirsə də, rəsmi Ankara bunu onun suverenliyinə qarşı atılmış addım, habelə regional gərginliyi daha da, gücləndirə biləcək akt kimi dəyərləndirir və rəsmi Tehranı bu istiqamətdə gərginliyi artıra biləcək qərarlar qəbul etməkdən çəkinməyə çağırıb. Baş vermiş hadisə ilə bağlı NATO-nun Mətbuat Katibliyi artıq mövqe sərgiləyərək Türkiyəyə qarşı hücumların davam edəcəyi təqdirdə Türkiyənin NATO tərəfindən müdafiə ediləcəyini bildirib.
Qeyd etmək lazımdır ki, İran Türkiyəyə qədər NATO-nun Kiprdə olan hərbi bazalarına da zərbə endirməyə çalışıb. Bu isə Yunanistan, habelə Böyük Britaniya, Fransa və Almaniya tərəfindən də qınanıb. Adı çəkilən dövlətlər İrandan ABŞ və NATO bazalarına hücumların dayandırılmayacağı təqdirdə İranı müharibə ilə hədələyiblər.
Bununla belə Qərb liderləri ABŞ və İsrailin İrana hücum zamanı 200-ə qədər məktəbli qızın öldürülməsi ilə bağlı məsələlərə, suveren dövlətin rəhbərinin terror nəticəsində öldürülməsi ilə bağlı məsələyə gəlincə susurlar. Bu isə ABŞ tərəfindən tətbiq edilən dövlət terrorizmindən başqa bir şey deyil. ABŞ da daxil olmaqla Qərb dövlətləri hələ 1988 ci ildə terrorla bağlı Cenevrədə qəbul edilmiş beynəlxalq konvensiyaya qoşulublar və onun müddəalarına əməl etməyə məsuldurlar.
Müsəlman ölkələri arasında İsraillə ən böyük ticari dövriyyəyə Türkiyə malikdir, təxminən 9 milyard dollar və bu amil rəsmi Ankaranın Təl Əvivə münasibətdə iradları baxımından suallar doğurmaya bilmir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31