Azərbaycanın İrandan haqlı tələbləri var - ÖZƏL

"Azərbaycan xalqının və Azərbaycan dövlətinin gözləmədiyi bir addım İran tərəfindən atıldı. Halbuki indiyə qədər İran-İsrail və İran-ABŞ qarşıdurması fonunda Azərbaycan öz mövqeyini həmişə açıq şəkildə ifadə edib və beynəlxalq hüququn prinsiplərinə sadiq qalıb. Azərbaycan daim İranın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyib."

Bu fikirləri siyasi şərhçi,Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Olaylar.az-a açıqlamasında bildirib:

"Təəssüf ki, buna baxmayaraq, biz zaman-zaman İran tərəfindən qeyri-adekvat münasibətlərlə də üzləşmişik. Bu cür hallar həm keçmiş Qarabağ münaqişəsi dövründə, həm də İkinci Qarabağ müharibəsindən sonra atılan bəzi addımlarda özünü göstərib.

Bununla belə, son dövrlərdə Azərbaycanla İran arasında münasibətlərdə müəyyən müsbət dinamika müşahidə olunurdu. İranda yeni prezident seçildikdən sonra əlaqələrdə müəyyən dəyişikliklər hiss edilirdi. Qarşılıqlı səfərlər həyata keçirilmişdi, hətta İran prezidentinin işğaldan azad edilmiş ərazilərə səfəri və Azərbaycan Prezidenti ilə orada keçirdiyi görüşlər Azərbaycan cəmiyyətində və dövlətində müsbət gözləntilər yaratmışdı.

Lakin Naxçıvan ərazisinə qarşı atılan addımlar, xüsusilə də məktəbin və hava limanının hədəfə alınması göstərdi ki, bu münasibətlərin arxasında səmimiyyət yoxdur. Təbii ki, bu məsələyə görə Azərbaycanın İrandan haqlı tələbləri var.

Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində İrana nota təqdim olunub, səfirlər vasitəsilə məsələ qaldırılıb. Eyni zamanda həm Xarici İşlər Nazirliyi, həm də Müdafiə Nazirliyi bu hadisə ilə bağlı rəsmi mövqelərini açıqlayıb. Azərbaycan tərəfi İrandan bu addımla bağlı rəsmi izah gözləyir.

Qeyd etmək lazımdır ki, fevralın 28-də başlayan gərginlik dövründə də Azərbaycan öz mövqeyini açıq şəkildə bəyan edib. Azərbaycan diplomatiya və danışıqlar yolunun ən doğru və real yol olduğunu vurğulayaraq tərəfləri buna çağırıb.

Bununla yanaşı, Azərbaycan Prezidenti İranın Bakıdakı səfirliyinə gedərək İranın ali dini liderinin ölümü ilə bağlı başsağlığı verib. Bütün bunlardan sonra Azərbaycan ərazisinə qarşı belə bir addımın atılması ən yumşaq ifadə ilə desək, nankorluq kimi qiymətləndirilə bilər.

Azərbaycan dəfələrlə bəyan edib ki, onun ərazisi heç bir dövlətə qarşı, o cümlədən də İrana qarşı istifadə oluna bilməz. Bu mövqe təkcə İrana deyil, bütün dünyaya açıq şəkildə bildirilib. Həmçinin Azərbaycan öz ərazisində hər hansı xarici dövlətin silahlı qüvvələrinin yerləşmədiyini dəfələrlə bəyan edib və bunu faktlarla sübut edib.

Təəssüf ki, İranın bu addımı Azərbaycanda ona olan etimadın ciddi şəkildə sarsılmasına səbəb olur. Üstəlik, qonşu dövlətlərə qarşı belə addımlar atmaq İranın özünü faktiki olaraq düşmənçilik mühitində - bir növ "alov çənbəri"nin içində qoyması deməkdir. Bu siyasət isə heç bir dövlətə, o cümlədən İrana fayda gətirməyəcək.

Xatırlatmaq lazımdır ki, Azərbaycanla İran arasında diplomatik münasibətlərin normallaşması da çox uzaq tarixə təsadüf etmir. Çünki bir müddət əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törədilmişdi. Buna baxmayaraq, Azərbaycan münasibətlərin bərpası və normallaşması üçün addımlar atmağa çalışdı.

Lakin hazırkı hadisə yenidən diplomatik münasibətlərə mənfi təsir göstərə biləcək addım kimi qiymətləndirilə bilər. Çünki İranın atdığı bu addım nə beynəlxalq hüquqa, nə dövlətlərarası münasibətlərin prinsiplərinə, nə də mehriban qonşuluq qaydalarına uyğun gəlir.

Bu baxımdan Azərbaycan tərəfi hazırda İranın rəsmi izahını gözləyir. Ümid edirik ki, İran tərəfi baş verən hadisə ilə bağlı aydın və əsaslandırılmış mövqe ortaya qoyacaq."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31