İran ətrafında daralan halqa: Regionu nə gözləyir? ÖZƏL
15:17 Siyasət"Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında baş tutan telefon danışığı regionda baş verən daha geniş geosiyasi proseslərin fonunda qiymətləndirilməlidir".
Bu sözləri Olaylar.az-a açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Ekspert bildirib ki, son günlərdə Iran ətrafında formalaşan hərbi və siyasi gərginlik, xüsusilə Amerika Birləşmiş Ştatları və İsrail tərəfindən həyata keçirilən zərbələr İranın regional mövqelərinə ciddi təsir göstərir. Belə bir həssas mərhələdə Türkiyə üzərində ballistik raketin zərərsizləşdirilməsi hadisəsi yalnız texniki və ya hərbi insident kimi deyil, eyni zamanda regionda dəyişməkdə olan təhlükəsizlik balansının göstəricisi kimi dəyərləndirilməlidir. Bu hadisə göstərir ki, Yaxın Şərqdə yaranmış gərginlik artıq ayrı-ayrı dövlətlərin sərhədlərini aşaraq daha geniş coğrafiyanı əhatə edən təhlükəsizlik risklərinə çevrilməkdədir.
Ekspert qeyd edib ki, əgər İran daxilində siyasi sistemin zəifləməsi və ya mümkün rejim böhranı ssenarisi gerçəkləşərsə, bu, region üçün yeni mərhələnin başlanğıcı ola bilər. Tarix göstərir ki, böyük regional dövlətlərdə baş verən siyasi transformasiyalar ətraf ölkələrin təhlükəsizlik mühitinə birbaşa təsir göstərir.
Türkiyə isə bu proseslərdə ehtiyatlı və balanslı mövqe tutmağa çalışır. Ankara üçün əsas prioritet regionda nəzarətsiz eskalasiyanın qarşısını almaq və sərhədlərinə yaxın ərazilərdə təhlükəsizlik boşluğunun yaranmasına imkan verməməkdir. Bu səbəbdən də Hakan Fidanın iranlı həmkarı Abbas Əraqçi ilə apardığı telefon diplomatiyası gərginliyin idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, İranın zəifləməsi və ya daxili siyasi sisteminin zəifləməsi fonunda qonşu ölkələri də özü ilə təxribata sürükləməsi müşahidə olunur. Belə bir şəraitdə Türkiyə kimi regional güclərin diplomatik manevr imkanları və strateji qərarları daha da ön plana çıxır.
"Hesab edirəm ki, Türkiyə üzərində ballistik raketin zərərsizləşdirilməsi hadisəsi sadəcə lokal təhlükəsizlik insidenti deyil. Bu, regionda dərinləşən geosiyasi qarşıdurmanın və İran ətrafında formalaşan yeni siyasi reallığın bir epizodu kimi qiymətləndirilməlidir. Belə məqamda İran daha məsuliyyətli olmalı, qonşu ölkələrlə həssas davranmalıdır.
Düşünürəm ki, regionun gələcək sabitliyi isə məhz bu proseslərin necə idarə olunacağından asılı olacaq," - deyə, B.Quliyev əlavə edib.
Lamiyə Cəbrayılova