“Azərbaycanın qüdrətli ordusu istənilən təcavüzkara cavab vermək iqtidadındadır”-Elman Cəfərli - ÖZƏL

Xəbər verildiyi kimi martın 5-də İran silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastrukura hücum aktları həyata keçirilib. Naxçıvanda pilotsuz uçuş aparatının yaşayış ərazisinə düşməsi nəticəsində evlərdən biri ciddi zərər görüb.  Hadisə nəticəsində fərdi yaşayış evi dağılıb, əraziyə ciddi ziyan dəyib.   
Azərbaycana PUA hücumu gərginliyi daha da artırıb. Siyasi ekspert Elman Cəfərli Olaylar.az-a açıqlamasında bildirib ki, strateji obyekt olan aeroportun və mülki insanların yaşadığı binanın hədəfə alınması yaxşı bir hal deyil, pislənilməlidir: "Azərbaycan öz ərazisindən İrana qarşı əməliyyatlara icazə verməyib. Ölkəmiz sülhsevər dövlət olaraq bölgədə baş verənlərdən narahatdır. Nə yayda baş verən 12 günlük müharibədə, nə də bir neçə gündür başlanan qış əməliyyatlarında İrana heç bir pisliyimiz dəymədiyi halda dinc insanlarımız hədəfə alınır. Hesab edirəm ki, bu, sağlam düşüncənin məhsulu deyil.  Azərbaycan bu müharibədə tərəf deyil. Hansı ağılla qonşularla dinc yanaşı yaşamağı əsas prinsipi  olaraq götürən  Azərbaycanı hədəfə alırlar? Fikrimcə, bu durum İran rəhbəri Xamneyinin ölümündən sonra yaranmış hakimiyyət boşluğundan doğur. Görünür, İranda mərkəzi hakimiyyət zəifləyib, siyasi iqtidar parçalanıb. SEPAH komandirləri başlarını itirib, yoxsa Türkiyə, Azərbaycan niyə hücum edilsin ki?"
Ekspert deyib ki, hazırda Naxçıvana PUA hücumunun parametrləri araşdırılır. Araşdırmanın nəticələrindən asılı olaraq İran tərəfinə cavab veriləcək: "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi artıq məsələ ilə bağlı açıqlama verib və PUA  hücumunu pisləyib. Hücuma görə məsuliyyət tam şəkildə İranın üzərinə düşür.  Ordumuz  ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsinə məsuldu və yəqin ki, hücum edənlərə gərəkən cavab veriləcək".
Elman Cəfərli deyib ki, Azərbaycanı zəif görənlər yanılacaq: "Əgər İranda kimlərsə Azərbaycanı hədəf taxtası, zəif tərəf görürsə, yanılır. Azərbaycanın qüdrətli ordusu var və istənilən təcavüzkara cavab vermək iqtidadındadır. PUA hücumuna görə, İran tərəfi üzr istəməlidir. Əks halda İranın hərbi strateji obyektlərinə cavab zərbələri endirilə bilər. İranın mürtəce gücləri, başını itirmiş SEPAH zabitləri anlamalıdır ki, Azərbaycanın İrana təsir gücü düşündüklərindən qat-qat çoxdur. Azərbaycana hücumları davam etsələr zərbəni içəridən- Güney Azərbaycandan alacaqlar".

İBRAHİM MƏMMƏDLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31