Mehriban qonşuluğa zərbə – kimin xeyrinədir?
14:39 Siyasət"Azərbaycan xarici siyasət doktrinasında qonşularla dinc yanaşı yaşamaq prinsipinə əməl edir və bu siyasət beynəlxalq hüquq normaları ilə tənzimlənir. Dəfələrlə Azərbaycan rəsmiləri bəyan ediblər ki, Azərbaycan ərazisindən üçüncü dövlətlər tərəfindən İrana qarşı istifadə edilməsinə icazə verilməyəcək və ölkə bu siyasəti daim həyata keçirir. Məlum olduğu kimi, İranın dini liderinə qarşı qətl törədildikdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev İran səfirliyinə gedərək rəsmi şəkildə xatirə kitabına başsağlığı yazdı və baş verən hadisə ilə bağlı narahatlığını ifadə etdi. Eyni zamanda İranda baş verən hadisələrin diplomatik yollarla həll olunmasına çağırış etdi və hətta vasitəçilik missiyasını da təklif etdi. Lakin buna baxmayaraq, İrandakı bəzi avantürist dairələr Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hava limanına hərbi zərbələr endirdilər. Bu hadisə onu göstərir ki, İranda müəyyən qüvvələr Azərbaycan ilə İran arasında münasibətlərin korlanmasında maraqlıdırlar. Xatırlatmaq yerinə düşər ki, bir neçə ay əvvəl də İranda bəzi avantürist siyasətçilər Azərbaycanla münasibətləri pisləşdirməyə yönəlmiş bəyanatlar verirdilər".
Bu sözləri Naxçıvana dron hücumu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Bəs Azərbaycan-İran münasibətlərinin pisləşməsi kimin xeyrinədir?
Aydındır ki, bu münasibətlərin gərginləşməsi birbaşa Amerika Birləşmiş Ştatlarının maraqlarına xidmət edir. Məhz bu baxımdan Naxçıvandakı hava limanına dron zərbələrinin endirilməsi də dolayısı ilə ABŞ-nin maraqlarına xidmət edən addım kimi qiymətləndirilə bilər. Bu cür hərəkətlər nə İran dövlətinin, nə də İran xalqının maraqlarına uyğun gəlir. Sadəcə olaraq, İran daxilində fəaliyyət göstərən avantürist dairələr və müxtəlif xarici təsir şəbəkələri uzun müddətdir ki, ölkə daxilində aktiv fəaliyyət göstərirlər. Bu şəbəkələrin İranın bəzi dövlət qurumlarında, güc strukturlarında və xüsusi xidmət orqanlarında gizli şəkildə fəaliyyət göstərdiyi dəfələrlə müzakirə mövzusu olub. Sözügedən hadisə də məhz belə qüvvələrin təsiri ilə həyata keçirilmiş əməliyyat kimi qiymətləndirilə bilər.
Ekspert bildirib ki, əgər İran daxilində bəzi dairələr qonşular arasında düşmən axtarırsa, ilk növbədə diqqəti başqa istiqamətlərə yönəltməlidirlər. ABŞ-nin Ermənistandakı səfirliyində 3000-dən çox korpusda diplomatik kadr xidmət edir, bunun 50 faizi mərkəzi kəşfiyyat idarəsinə tabedir. Eyni zamanda müxtəlif mənbələrdə qeyd olunur ki, bu strukturlar vasitəsilə regionda kəşfiyyat fəaliyyəti həyata keçirilir və İranın daxilində də müxtəlif kəşfiyyat və təxribat xarakterli əməliyyatlar aparılıb və aparılmaqda davam edir. Bu baxımdan, əgər İran regionda düşmən axtarırsa, sual yaranır: niyə hədəf Azərbaycan olur? Halbuki Azərbaycan İranla dostluq və qonşuluq münasibətlərini daim vurğulayıb və bu prinsiplərə əməl etdiyini dəfələrlə nümayiş etdirib. Belə bir vəziyyətdə Azərbaycana qarşı bu cür zərbələrin endirilməsi nə İran xalqının, nə də İran dövlətinin maraqlarına uyğun gəlir. Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan münasibətlər mövcuddur. Bu münasibətləri korlamağa çalışan qüvvələr əslində ABŞ-nin maraqlarına xidmət etmiş olurlar.
"Belə halların baş verməsi fonunda hesab edirəm ki, İran Xarici İşlər Nazirliyi baş verən hadisələrlə bağlı rəsmi mövqeyini açıqlamalı və məsələyə aydınlıq gətirməlidir. İran dövləti rəsmi şəkildə Azərbaycan qarşısında üzrxahlıq etməli və bu cür hadisələrin bir daha təkrarlanmaması üçün konkret mövqe ortaya qoymalıdır. Əlavə olaraq qeyd etmək lazımdır ki, baş verən hadisələr qonşuluq münasibətlərinə uyğun deyil və beynəlxalq hüquq normalarına da ziddir. Bu kimi hadisələrin yenidən baş verməməsi üçün İran tərəfi məsələni araşdırmalı, aydınlıq gətirməli və gələcəkdə belə addımların təkrarlanmaması ilə bağlı açıq mövqe nümayiş etdirməlidir", - deyə ekspert əlavə edib.
Səidə Ramazanova