Yeni qaz həcmləri, yeni imkanlar: Azərbaycan Avropanın enerji xəritəsində mövqeyini möhkəmləndirir- ÖZƏL
14:31 Siyasət"2028-ci ildən etibarən qaz hasilatının əlavə 10-15 milyard kubmetr artırılması Azərbaycanın enerji ixracı üçün yeni imkanlar yarada bilər. İlk növbədə bu artım Avropa bazarında Azərbaycanın mövqeyini daha da gücləndirə bilər. Avropa ölkələri xüsusilə son illərdə enerji təhlükəsizliyini artırmaq və alternativ mənbələr tapmaq üçün Azərbaycan qazına daha çox maraq göstərir. Hasilatın artması daha çox ölkə ilə uzunmüddətli qaz müqavilələrinin bağlanmasına şərait yarada bilər. Bu isə dövlət büdcəsinə daxil olan valyuta gəlirlərinin artmasına, enerji sektorunda yeni investisiyaların cəlb edilməsinə və ümumilikdə iqtisadi inkişafın sürətlənməsinə müsbət təsir göstərə bilər".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib. İqtisadçı qeyd edib ki, hasilatın artması Azərbaycanın regional enerji mərkəzi kimi rolunu gücləndirə və ölkənin geosiyasi əhəmiyyətini artıraraq Avropa ilə enerji əməkdaşlığını daha da dərinləşdirə bilər:
"Avropa İttifaqı ölkələrinin sayının 10-a çatmasına baxmayaraq, Avropa maliyyə institutlarının kəmərlərin genişləndirilməsinə maliyyə ayırmaqda tərəddüd etməsinin əsas səbəblərindən biri Avropanın uzunmüddətli enerji strategiyası ilə bağlıdır. Avropa İttifaqı son illərdə iqlim siyasətini gücləndirərək karbon emissiyalarını azaltmağa və bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirməyə çalışır. Bu səbəbdən bəzi maliyyə institutları yeni qaz infrastrukturu layihələrinə sərmayə qoyuluşunu riskli və ya uzunmüddətli perspektivdə uyğun hesab etmirlər. Digər tərəfdən, böyük infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün siyasi qərarlar, bazar sabitliyi və gələcək tələbat barədə dəqiq proqnozlar da mühüm rol oynayır.
Bu vəziyyət Cənub Qaz Dəhlizi layihəsinin gələcək inkişafına müəyyən çətinliklər yarada bilər. Əgər maliyyələşmə mənbələri məhdud qalarsa, kəmərlərin genişləndirilməsi prosesləri ləngiyə və yeni qaz həcmlərinin Avropaya çatdırılması gecikə bilər. Bununla belə, alternativ maliyyə mənbələrinin tapılması, enerji şirkətləri ilə tərəfdaşlıqların artırılması və ya layihənin mərhələli şəkildə genişləndirilməsi kimi yollarla bu çətinliklərin aradan qaldırılması mümkündür. Uzunmüddətli perspektivdə isə Avropanın enerji təhlükəsizliyinə olan ehtiyacı Azərbaycanın qaz layihələrinə marağın davam etməsinə səbəb ola bilər".
Zeynəb Mustafazadə