İranın dron hücumu: Qonşuluq münasibətlərinə zidd addım - ÖZƏL

"Sözsüz ki, Azərbaycan hər zaman öz təhlükəsizliyini qorumalıdır və qoruyacaq da. Biz istəməzdik ki, qonşu dövlətlə münasibətlər bu həddə qədər gərginləşsin. Lakin gərginliyi yaradan tərəf də Azərbaycan deyil. Əksinə, biz əlimizdən gələni edirik ki, indiki çətin şəraitdə İran daha ciddi problemlərlə üzləşməsin, münaqişə mümkün qədər tez həll olunsun və ölkədə sabitlik bərpa edilsin."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Hətta Azərbaycan Prezidenti İlham Əliyev dünyanın az sayda liderlərindən biri kimi İranın Bakıdakı səfirliyinə gedərək Ayətullah Xameneinin ölümü ilə bağlı başsağlığı verdi. Bunu bütün dünya gördü. Əslində İran buna görə Azərbaycana minnətdar olmalı idi. Lakin görünən odur ki, həmin ziyarətdən cəmi bir gün sonra İran Azərbaycan ərazisinə dron hücumu həyata keçirib. Bu isə nankorluq və nadanlıqdır, həm də mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir.

Bir daha vurğulayıram ki, biz öz təhlükəsizliyimizi qorumalıyıq. Eyni zamanda Azərbaycan dövləti qardaş Türkiyə ilə birlikdə İranın mümkün bütün ssenarilərinə hazır olmalıdır. Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi də məhz bu əməkdaşlığı nəzərdə tutur. Bu bəyannamə çərçivəsində müdafiə tədbirləri birgə planlaşdırılmalı və koordinasiya edilməlidir.

Əgər İran bu cür addımlarını davam etdirərsə, buna mütləq şəkildə və ən yüksək səviyyədə adekvat cavab veriləcək. Bunu İranda hər kəs anlamalıdır.

Digər tərəfdən, hesab etmirəm ki, bu hücumun arxasında İran Prezidenti Məsud Pezeşkian dayanmır. Məncə, hadisənin arxasında daha çox fars molla rejiminə bağlı SEPAH strukturları və Bəsic kimi qüvvələr dayanır. Onların məqsədi diqqəti yayındırmaq, məsuliyyəti Azərbaycanın üzərinə yönəltmək və İsrail və ABŞ qarşısında uğursuzluqlarını ört-basdır etməkdir. Lakin bu cəhdlərin uğurlu olacağı inandırıcı görünmür.

Azərbaycan artıq növbəti mərhələdə milli maraqlarını və bütöv Azərbaycan ideyasını daha qətiyyətlə gündəmə gətirməlidir."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31