Azərbaycanın qaz ixracının coğrafiyası genişlənib- ÖZƏL

"Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları enerji təhlükəsizliyi və yaşıl keçid prosesində formalaşan yeni reallıqları bir daha gündəmə gətirib. Prezident İlham Əliyevin çıxışı isə bu platformanın təkcə enerji dialoqu deyil, həm də uzunmüddətli strateji planlaşdırma mexanizmi olduğunu nümayiş etdirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Dövlətimizin başçısı vurğulayıb ki, məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq. Son 12 ilin mürəkkəb geosiyasi və iqtisadi çağırışları göstərdi ki, qarşılıqlı etimad və koordinasiya olunmuş fəaliyyət olmadan enerji sabitliyini təmin etmək mümkün deyil.
Son illər ərzində Azərbaycanın qaz ixracının coğrafiyası daha da genişlənib, artıq istehlakçı ölkələrin sayı 16-ya çatıb. Boru kəmərləri vasitəsilə təchizat həyata keçirilən dövlətlərin sayına görə dünya miqyasında ön mövqedə qərarlaşmaq ardıcıl və məqsədyönlü enerji siyasətinin konkret nəticəsidir. Avropa istiqaməti isə xüsusi prioritet olaraq qalır. Almaniya və Avstriyaya qaz tədarükünün başlanması ilə Avropa İttifaqının 10 üzv dövləti artıq bu mənbədən faydalanır. Bu amil qitənin enerji təhlükəsizliyinə mühüm töhfə verməklə yanaşı, qarşılıqlı etimada əsaslanan uzunmüddətli əməkdaşlıq modelini daha da möhkəmləndirir. Eyni zamanda, artan tələbat mövcud nəqli infrastrukturunun genişləndirilməsini zəruri edir. Cənub Qaz Dəhlizi hazırda tam gücü ilə fəaliyyət göstərir və əlavə genişləndirmə, eləcə də yeni interkonnektor layihələri üzərində intensiv iş aparılır. Strateji məqsəd ixrac imkanlarını maksimum səviyyəyə çatdırmaq və paralel olaraq yeni bazarlara çıxışı təmin etməkdir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31