ABŞ-nin İran planına Türkiyədən "STOP": Böyük münaqişə qapıdadırmı? – ÖZƏL
18:31 SiyasətSamir Hümbətov: "ABŞ-nin hədəfi artıq təkcə çəkindirmə deyil, rejim dəyişikliyidir".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsrailin İrana qarşı hərbi gərginliyi fonunda rəsmi Ankaranın qətiyyətli mövqeyini açıqlayıb. Dövlət başçısı bildirib ki, münaqişəyə vaxtında müdaxilə olunmasa, bu, təkcə Yaxın Şərq üçün deyil, həm də qlobal təhlükəsizlik üçün ağır nəticələrə səbəb olacaq.
Ərdoğan bu qarşıdurmanın iqtisadi və geosiyasi qeyri-müəyyənliyi dərinləşdirdiyini vurğulayaraq, böhranın nəzarətdən çıxacağı təqdirdə heç bir ölkənin buna uzun müddət tab gətirə bilməyəcəyini qeyd edib. Türkiyə lideri beynəlxalq birliyi alov daha da güclənmədən münaqişənin qarşısını almağa çağırıb.
Türkiyənin ABŞ-nin hərbi planlarına qarşı çıxması Ankara-Vaşinqton münasibətlərində və NATO daxilində yeni bir gərginlik dalğası yaradacaqmı?
"Vəziyyət indiki mərhələdə daha fərqli məcraya yönəlməkdədir. Son dörd gündə İranda həm hərbi elitada, həm də dini elitada ciddi problemlər yaşanır. İstər Əli Xameneinin öldürülməsi, istər SEPAH generallarının, yaxud İranın müdafiə strukturlarında yüksək vəzifəli şəxslərin hədəfə alınması ilə bağlı xəbərlər olsun - bütün bunlar ölkə daxilində gərginliyin artdığını göstərir. Bu hadisələr onu deməyə əsas verir ki, İsrail və ABŞ-nin hədəfi artıq təkcə hərbi çəkindirmə deyil, rejim dəyişikliyinə yönəlmiş strategiya ola bilər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib. Siyasi şərhçi bildirib ki, bu cür proseslərin pərakəndə şəkildə həyata keçirilməsi mümkün deyil və nəticələri də ağır ola bilər. Çünki İran da paralel şəkildə İsrailə zərbələr endirir, eyni zamanda ABŞ-nin regiondakı bazalarını və ərəb ölkələrində yerləşən obyektlərini hədəfə ala biləcəyini nümayiş etdirir. Bu isə o deməkdir ki, vəziyyət daha genişmiqyaslı münaqişəyə çevrilmək riski daşıyır. Türkiyə və Azərbaycan da daxil olmaqla region ölkələri üçün belə bir ssenari heç də arzuolunan deyil. Böyük müharibə perspektivi gələcək üçün sabitlik və rahatlıq vəd etmir. Əksinə, problem daha da dərinləşə bilər.
Ekspert əlavə edib ki, ilk növbədə qaçqın axını məsələsi gündəmə gələ bilər. Bu isə həm ekoloji, həm iqtisadi, həm miqrasiya, həm siyasi, həm də hərbi baxımdan ciddi problemlər yarada bilər. Məhz bu səbəbdən hesab etmək olar ki, Prezident Rəcəb Tayyib Ərdoğanın məsələyə ehtiyatlı yanaşmasının arxasında Türkiyənin mümkün ssenariləri öncədən qiymətləndirmək və riskləri minimuma endirmək istəyi dayanır. Türkiyə NATO çərçivəsində ABŞ ilə müttəfiq olsa da, münasibətlərdə müəyyən fikir ayrılıqları mövcuddur. Ankara ABŞ-nin İran məsələsində sərt və birtərəfli siyasət yürütməsini müsbət qarşılamır və problemin danışıqlar yolu ilə həllinə üstünlük verildiyini nümayiş etdirir. Belə bir vəziyyət nə region üçün, nə də Türkiyə-ABŞ münasibətləri üçün müsbət perspektiv vəd edir. Proseslər bu şəkildə davam edərsə, NATO daxilində də Türkiyənin bəzi üzv ölkələrlə münasibətlərində gərginlik yarana bilər.
"Türkiyə hesab edir ki, ABŞ-nin İsraili bu qədər açıq şəkildə və qeyd-şərtsiz müdafiə etməsi Yaxın Şərq reallıqları baxımından müsbət nəticələr verməyə bilər. Çünki Yaxın Şərqin tarixi, coğrafiyası, cəmiyyətlərin psixoloji xüsusiyyətləri fərqlidir və bu regionu ən yaxşı tanıyan ölkələrdən biri məhz Türkiyədir. Bu baxımdan Ankara həm regionun xüsusiyyətlərini nəzərə almağın vacibliyini vurğulayır, həm də NATO çərçivəsində ABŞ ilə münasibətlərdə yaranan gərginliyin əsas səbəblərindən birinin məhz Yaxın Şərq siyasətindəki yanaşma fərqləri olduğunu düşünür", - deyə ekspert vurğulayıb.