Milli Məclisdə Azərbaycan idmanının müasir çağırışları müzakirə olunub

Martın 4-də Milli Məclisin Gənclər və idman komitəsində Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı tədbir keçirilib.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov tədbiri açaraq  iştirakçıları salamlayıb, tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə spiker Sahibə Qafarovaya təşəkkür edib.
O, bildirib ki, Milli Məclisin Gənclər və idman komitəsi üzvlərinin, Milli Olimpiya Komitəsi və idman federasiyalarının rəhbər şəxslərinin, o cümlədən aidiyyəti qurumların təmsilçilərinin iştirak etdiyi tədbirin məqsədi ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, bu sahədə həyata keçirilən dövlət siyasəti, mövcud nailiyyətlər və perspektiv istiqamətlər barədə müzakirələrin aparılmasıdır.
Komitə sədri qeyd edib ki, cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsis edilən 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə idmançılarla görüşü ilə bağlıdır və bu əlamətdar gün ölkədə idmanın inkişafını təşviq edir.
Şahin İsmayılov idmanın gənclərin sağlam həyat tərzinə cəlb olunmasında, vətənpərvərlik ruhunun formalaşmasında və cəmiyyətin sosial inkişafında mühüm rol oynadığını deyərək, sahə üzrə mövcud çağırışlara da toxunub, idman sahəsinin bəzi aktual məsələləri ilə bağlı fikirlərini səsləndirib.
Sonra tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov ölkədə keçən ilin idman nəticələri ilə bağlı təqdimatla çıxış edib. Qeyd olunub ki, keçən il Azərbaycan idmançıları beynəlxalq yarışlarda 2113 medal qazanıblar. O, ölkədə idman hərəkatının genişləndirilməsi, müasir idman infrastrukturunun yaradılması və ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etməsi istiqamətində görülən işlərdən bəhs edib. Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə bir sıra idman yarışlarının keçirilməsi xüsusilə əlamətdar hadisədir. Elnur Məmmədov ölkədə kütləvi idmanın inkişafı, regionlarda idman obyektlərinin fəaliyyəti, idmançı hazırlığı sisteminin təkmilləşdirilməsi kimi məsələlər barədə fikirlərini bölüşüb. 
Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə dövlət başçısının diqqət və qayğısı nəticəsində idmanın prioritet sahələrdən birinə çevrildiyini, bunun da Azərbaycan idmançılarının beynəlxalq arenada qazandığı uğurlarda öz əksini tapdığını vurğulayıb. O, bu uğurların davamlılığı baxımından idman iqtisadiyyatının stimullaşdırılması, xüsusən idman sahəsində sponsorluğun genişləndirilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. O, vurğulayıb ki, Azərbaycanın təhsil qanunvericiliyində də idmanla bağlı məsələlər kifayət qədər əhatəli şəkildə əksini tapmayıb. Çingiz Hüseynzadənin fikrincə, gənclərin fiziki inkişafının təmin olunması və idmanın kütləviliyinin artırılması baxımından bu məsələlərə diqqət yetirilməlidir.
Müzakirələrdə Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva, komitənin üzvləri Vüqar İskəndərov, Asif Əsgərov, Müşfiq Cəfərov, Eyvaz Qurbanov, Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, Mircəlil Qasımlı, Mahir Süleymanlı, Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Bəhruz Quliyev,  Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov, İcraiyyə Komitəsinin üzvü Nazim Hüseynov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu, Azərbaycan  Karate Federasiyasının vitse-prezidenti Füzuli Musayev, Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov, Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev, Azərbaycan Atletika Federasiyasının icraçı direktoru Kamal Əhmədov, Azərbaycan Savat Federasiyasının prezidenti Rafiq Əliyev, Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev, Azərbaycan Kamandan Oxatma  Federasiyasının baş katibi Fərid Xəlilov çıxış ediblər.
Çıxışlarda idmanın kütləviliyinin təmin olunmasının əhəmiyyəti, sağlam və vətənpərvər gənc nəslin formalaşdırılmasının vacibliyi, ölkəmizin idman sahəsində əldə etdiyi nailiyyətlər, eləcə də bu istiqamətdə qarşıda duran vəzifələr və gələcək inkişaf perspektivləri barədə danışılıb, geniş müzakirələr aparılıb.
Müzakirələrə yekun vuran Şahin İsmayılov tədbir iştirakçılarına təşəkkür edib, burada səslənən fikirlərin, təkliflərin ölkədə bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi baxımından faydalı olacağına inamını ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31