Azərbaycanın qaz təchizatı artıq Avropa sərhədlərini aşıb- ÖZƏL
11:44 Siyasət"Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası bir daha təsdiqlədi ki, Azərbaycan artıq təkcə enerji istehsalçısı deyil, qlobal enerji təhlükəsizliyinin formalaşmasında söz sahibi olan strateji aktordur. Prezident cənab İlham Əliyevin çıxışı həm mövcud reallıqların təhlili, həm də qarşıdakı mərhələnin yol xəritəsi baxımından mühüm siyasi mesajlarla zəngin idi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Dövlət başçısının vurğuladığı kimi, 12 il əvvəl əsası qoyulan Cənub Qaz Dəhlizi təşəbbüsü bu gün özünü tam doğrultmuş, çoxtərəfli əməkdaşlıq modelinə çevrilmişdir. Qlobal enerji bazarlarında qeyri-sabitlik, geosiyasi gərginliklər və təchizat riskləri fonunda məhz dialoq və tərəfdaşlıq platformalarının əhəmiyyəti daha aydın görünür. Azərbaycan, tranzit ölkələr və istehlakçılar arasında formalaşmış qarşılıqlı etimad və ortaq maraqlar modeli artıq real nəticələr verir. Əgər əvvəlcə 12 ölkəyə qaz ixrac olunurdusa, bu gün Azərbaycan qazının istehlakçılarının sayı 16-ya çatıb. Boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə Azərbaycan dünyada birinci yerdədir. Bu fakt ölkəmizin enerji diplomatiyasının uğurunu açıq şəkildə nümayiş etdirir. Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanın qaz təchizatının artıq Avropa sərhədlərini aşdığını xüsusi vurğuladı. Suriyaya 1,5 milyard kubmetr həcmində qaz tədarükünün başlanması təkcə iqtisadi deyil, həm də humanitar və geosiyasi əhəmiyyət daşıyır. Elektrik enerjisi qıtlığı yaşayan bir ölkəyə enerji dəstəyi göstərilməsi regional sabitliyə və sosial dayanıqlığa töhfədir. Eyni zamanda, Avropa istiqamətində də genişlənmə davam edir. Almaniya və Avstriyanın Azərbaycan qazı alan ölkələr sırasına qoşulması ilə Avropa İttifaqının artıq 10 üzv dövləti ölkəmizdən qaz idxal edir. Bu isə Azərbaycanın Avropa enerji təhlükəsizliyində rolunun sistemli və uzunmüddətli xarakter daşıdığını göstərir. Lakin artan tələbat yeni çağırışlar yaradır. Cənub Qaz Dəhlizinin tam yüklənməsi mövcud infrastrukturun genişləndirilməsini zəruri edir. Yeni interkonnektorlar, əlavə nəqliyyat imkanları və qazpaylama şəbəkəsinin şaxələndirilməsi artıq gündəmdədir. Qarşıdakı illərdə "Azəri-Çıraq-Günəşli"nin dərin qaz layları, "Abşeron", "Ümid" və "Şahdəniz" yataqları üzrə planlaşdırılan hasilat artımı 10-15 milyard kubmetr əlavə qaz potensialı yaradacaq. Bu isə yeni bazarların açılması və strateji tərəfdaşlığın daha da genişlənməsi deməkdir".