“Ümid edirəm ki, dövlətimizin başçısının dediklərindən qərbdəkilər nəticə çıxaracaqlar”- ÖZƏL

"Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində nazirlərin Bakı Konqres Mərkəzində keçirilən toplantılarında Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolun əslində göründüyündən daha böyük olduğunu və olacağını təsdiqləyən bir sıra faktlar açıqladı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Onların arasında mənim diqqətimi ən çox çəkən, ötən ay Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair anlaşmanın ardından, Türkiyədə 870 meqavat gücü olan ən böyük elektrik stansiyalarından birinin satın alınmasıdır. Azərbaycan eyni zamanda İtaliyada ümumi emal gücü 10 milyon tona çatan  2 neftayırma müəssisəsini əldə edəcək. Əgər dövlətimizin başçısı bunun anonsunu verirsə, demək, o məsələ də artıq həllini tapmış sayıla bilər. Belədə Türkiyədəki 12 milyon tonluq neftayırma müəssisəmizi də nəzərə alsaq, Aralıq və Egey dənizləri sahilində ümumilikdə 22 milyon ton istehsal potensialından söhbət gedir. Və məsələ bununla da bitmir; cənab Prezidentin bildirdiyinə görə, "neft məhsullarının davamlı təchizatını təmin etməyə kömək edəcək və minlərlə yanacaqdoldurma stansiyası" haqda da razılaşma əldə olunub.
"Biz Qazaxıstan, Türkmənistan üçün neftin mühüm tranzitini təmin edirik və bizim sistemimiz vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Biz Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındayıq və bunun üçün infrastruktura malikik". Ümid edirəm ki, dövlətimizin başçısının yuxarıda dediklərindən qərbdəkilər gərəkən nəticəni çıxaracaqlar. Əgər Qazaxıstan və Türkmənistan Azərbaycan üzərindən dünya bazarına çıxardıqları neftin həcmini artırırlarsa, bizim isə daha çoxunu qəbul etmək potensialımızın olduğu da vurğulanırsa, Brüsseldəkilər də öz növbələrində çalışmalıdırlar ki, bu tranzitə qarşı hər növ təhdidlər aradan qaldırılsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31