Paşinyanın addımları ümid verir: Azərbaycanın tələbi konstitusiyada yer tapır?- ÖZƏL 

Ermənistanda yeni Konstitusiya layihəsi martda ictimai müzakirəyə təqdim olunacaq. Ədliyyə naziri Srbuhi Qalyan bildirib ki, dəyişikliklərin məqsədi sülh və ərazi bütövlüyünün təmin edilməsidir.
Xatırladaq ki, Cənab Prezident İlham Əliyev bildirib ki, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarıldıqdan sonra sülh sazişinin imzalanması mümkün olacaq.
Mövcud situasiya nədən xəbər verir? Ermənistan Azərbaycanın tələbinə əməl edib, əsas qanunundan ölkəmizə qarşı ərazi iddialarını çıxaracaqmı? Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib: 
" Düşünürəm ki, hazırda gedən proses, Paşinyanın davranışları, qəbul etdiyi qərarlar, verdiyi açıqlamalar bu istiqamətdə ümidverici bir vəziyyət yaradır. Azərbaycanın qoyduğu haqlı tələbə əməl edəcək.
Çünki hazırda orada Konstitusiya ilə bağlı- onun dəyişdirilməsi, redaktə olunması ilə əlaqədar müəyyən çalışmaların həyata keçirildiyi söylənilir, bu barədə fikirlər səsləndirilir. Bir komissiyanın yaradıldığı və ya yaradılmasının planlaşdırıldığı qeyd olunur. Yəni bu istiqamətdə cəhdlər var. Düzdür, hələ ki, ortada konkret və real nəticə yoxdur. Amma ümumilikdə cəhdlərin və çalışmaların olması müşahidə edilir. Bunu təqdir etmək olar və etmək lazımdır. O baxımdan ki, ümumiyyətlə gərgin situasiyanın, müharibə şəraitinin olmasındansa, bu cür müzakirələrin aparılması daha faydalıdır. Biz bunu sonsuza qədər gözləməliyikmi? Xeyr. Belə bir şey olmamalıdır. Ermənistan başa düşməlidir ki, bu məsələlərə son qoymaq lazımdır və bu istiqamətdə addım atmalıdır.
Bugünkü vəziyyətə gəldikdə isə, onların müəyyən çalışmalarının müşahidə olunduğunu demək mümkündür və bunu müsbət qiymətləndirmək olar. Düşünürəm ki, əgər əlavə bir gərginlik ocağı tapılmasa, yeni problemlər yaradılmasa və Konstitusiya ilə bağlı məsələlər, o cümlədən ərazi iddiaları ilə bağlı məqamlar həllini tapsa, biz sülh sazişi ilə bağlı real irəliləyişlərin şahidi ola bilərik". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31