Qaz və yaşıl enerji eyni masada: Azərbaycanın artan geosiyasi çəkisi- ÖZƏL
16:20 SiyasətBakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci, eləcə də Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilir.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqının energetika və mənzil tikintisi komissarı Dan Yorgensen çıxış ediblər. Toplantıya 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və 49 enerji şirkəti qatılıb. Sessiyalar çərçivəsində Cənub Qaz Dəhlizinin gələcək inkişafı və yaşıl enerji layihələri müzakirə olunur.
Cənub Qaz Dəhlizi və Yaşıl Enerji platformalarının paralel keçirilməsi Azərbaycanın geosiyasi mövqeyinə necə təsir göstərir? Avropa İttifaqı ilə enerji əməkdaşlığının genişlənməsi regionda yeni siyasi balans formalaşdıra bilərmi?
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
" Düşünürəm ki, burada iki əsas məsələ var. Bir tərəfdən Avropanın enerji təhlükəsizliyi məsələsi dayanır və bu, kifayət qədər təcili xarakter daşıyır. Çünki Avropa İttifaqı uzun müddət yaşıl enerji siyasətinə o qədər aludə oldu ki, bir sıra kömür və atom elektrik stansiyalarını bağladı, nəticədə isə ucuz Rusiya qazından asılı vəziyyətə düşdü. Rusiya qazı müharibə səbəbindən kəsildikdən sonra Avropa ciddi qıtlıq, enerji çatışmazlığı və qiymət artımları ilə üzləşdi.
Bu baxımdan hesab edirəm ki, ilk növbədə onların enerji təchizatı təmin olunmalıdır. Məhz buna görə də Cənub Qaz Dəhlizinin buraxılış gücünün artırılması, əlavə qaz xətlərinin çəkilməsi, yeni qaz tədarükünün təşkili, həm ötürmə, həm də hasilat imkanlarının genişləndirilməsi və ümumi balansın qurulması Avropa üçün böyük əhəmiyyət daşıyır. Digər tərəfdən, yaşıl enerji məsələsi də xüsusi aktuallıq qazanır. Çünki Avropa İttifaqının qaz və neftdən, xüsusilə də Rusiya resurslarından asılılığı onların qəfil kəsilməsi fonunda ciddi problemlər yaratdı. Bu səbəbdən yaşıl enerji investisiyalarının daha da artacağı gözləniləndir.
Beləliklə, hesab edirəm ki, Cənub Qaz Dəhlizi ilə bağlı görüşlərdə əsas diqqət Avropanın cari enerji ehtiyaclarının ödənilməsinə yönəlibsə, yaşıl enerji platformalarında isə daha çox gələcəklə bağlı planlar müzakirə olunur: gələcəkdə qaz və neft hasilatı, eləcə də onların tranzitindən asılılığı necə azaltmaq və alternativ mənbələrə keçidi necə təmin etmək mümkündür".

Zeynəb Mustafazadə