Sülhün açarı İrəvanın əlində: Ermənistanın yeni Konstitusiyası nələri dəyişəcək? – ÖZƏL

Ermənistanda yeni Konstitusiya layihəsi mart ayında ictimai müzakirəyə çıxarılacaq. Ədliyyə naziri Srbuhi Qalyan bildirib ki, sənədin əsas məqsədi Ermənistanın sülh və ərazi bütövlüyünü təmin etməkdir.
Xatırladaq ki, Prezident İlham Əliyev bəyan edib ki, sülh müqaviləsinin imzalanması birbaşa Ermənistan Konstitusiyasından asılıdır. Dövlət başçısının sözlərinə görə, Ermənistanın əsas qanunundan Azərbaycana qarşı ərazi iddiaları çıxarılanın ertəsi günü sülh sazişi imzalana bilər. Hazırda tərəflər arasında de-fakto sülh olsa da, bunun rəsmiləşməsi üçün İrəvanın hüquqi addımı zəruridir.

"Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün hazırda yalnız bir əsas maneə qalıb. Qalan məsələlər, demək olar ki, həll olunub. Həmin maneə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların mövcud olmasıdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçinin sözlərinə görə, rəsmi Bakı israrla tələb edir ki, bu müddəalar Ermənistan Konstitusiyasından çıxarılsın və Ermənistan Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik, həm də hüquqi baxımdan imtina etsin. Hələlik bu məsələnin nə vaxt həll olunacağı qeyri-müəyyən olaraq qalır. Nikol Paşinyan hakimiyyəti problemin həlli istiqamətində müəyyən addımlar atmağa çalışır. Bu addımlara yeni konstitusiyanın hazırlanması da daxildir və yaxın vaxtlarda Ermənistanın yeni konstitusiya layihəsinin ictimai müzakirəyə çıxarılması nəzərdə tutulur. Lakin sənədin referenduma çıxarılıb qəbul edilməsi daha sonraya təsadüf edə bilər. Bunun əsas səbəbi odur ki, Paşinyan hakimiyyəti növbəti parlament seçkiləri ərəfəsində konstitusiyanın referenduma çıxarılmasında maraqlı görünmür. Çünki Ermənistanda radikal, revanşist müxalifət düşərgəsi konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəaların çıxarılmasına etiraz edir və buna müqavimət göstərir.

Ekspert bildirib ki, bu baxımdan ehtimal olunur ki, Paşinyan hakimiyyəti əvvəlcə parlament seçkilərində qalib gəlməyə çalışacaq. Əgər seçkilərdə uğur qazanarsa, o zaman seçkilərdən sonra konstitusiya dəyişikliyi ilə bağlı referenduma gedə bilər.
Həmin referendumda Azərbaycana qarşı ərazi iddialarını əks etdirməyən yeni konstitusiya qəbul edilərsə, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün hüquqi baxımdan ciddi maneə qalmayacaq.

"Əgər seçkilərdən sonra konstitusiya islahatı aparılar və ərazi iddialarını ehtiva etməyən yeni konstitusiya referendumda təsdiqlənərsə, bu ilin ortalarına - yay aylarına doğru Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması mümkün ola bilər", - deyə E. Xalidbəyli qeyd edib.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31