Azərbaycan hər zaman barışdırıcı və dialoqa əsaslanan mövqe nümayiş etdirib- Zahid Oruc

"Biz qlobal təhlükələrin artdığı bir dövrdə İnsan hüquqları üzrə Müvəkkilin İllik Məruzəsinə qiymət veririk. İkinci dünya müharibəsindən sonra formalaşan təhlükəsizlik sisteminin çökdüyü, beynəlxalq insan hüquq və azadlıqlarının təminatına dair konvensiyaların iflasa uğradığı, yeni növ müharibələrin baş verdiyi dövrdə yaşadığımızın fərqində olmalıyıq". "Olaylar" xəbər verir ki, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkilin (Ombudsman) Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ildəki fəaliyyəti ilə əlaqədar məruzəsinə münasibət bildirən deputat Zahid Oruc deyib.
Deputat qeyd edib ki, yerləşdiyimiz regionda qitələrarası qarşıdurma risqi yaradan və geniş coğrafiyanı əhatə edən münaqişələr fonunda milli təhlükəsizlik məsələsi bütün hüquq və azadlıqlardan ön yerə çıxır: "Azərbaycanın Konstistusiyanın 109-cu maddəsində Prezidentin səlahiyyətləri sırasında dövlətin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsi xüsusi yer tutur. İndi tam inamla deyə bilərik ki, dünya dövlətləri sırasında vətəndaşların və bütövlükdə xalqımızın təhlükəsiz yaşamaq hüququnu təmin edən dövlətlərdən biri məhz Azərbaycandır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə 6 il əvvəl qazandığımız tarixi Qələbədən sonra başlanan sülh quruculuğu yerləşdiyimiz regionu əhatə edən qlobal təhlükələri aradan qaldırmaq, regional və beynəlxalq nizamı təmin etmək üçün ədalətli hüquqi-siyasi təməl yaradır. Yaxın qonşuluğumuzda, xüsusilə İran və 11 dövləti əhatə edən gərginliklərin daha genişmiqyaslı qarşıdurmaya çevrilməməsi üçün dövlət başçımızın dəfələrlə vurğuladığı kimi, Azərbaycan hər zaman barışdırıcı və dialoqa əsaslanan mövqe nümayiş etdirib. Ona görə də insan hüquq və azadlıqlarının ən böyük təminatçısı prezident İlham Əliyevdir. Ölkə rəhbəri təkcə xalqımızın deyil, həm də beynəlxalq təhlükəsizliyin, habelə regional sabitliyin təminatçılarından biridir.
Yaranmasından keçən 25 il ərzində illik Məruzələr Ombudsmanın fəaliyyətinin əsas meyarı, insan hüquqları sahəsində aparılan dövlət siyasətinin indikatoru, Müvəkkilin Konstitusiya ilə müəyyən edilən səlahiyyətlərinin gerçəkləşdirilməsi səviyyəsinin mühüm göstəricisidir.
Məruzənin həsr olunduğu il Azərbaycan üçün milli və beynəlxalq səviyyədə tarixi uğurlarla zəngin olub. Xüsusilə "Konstitusiya və Suverenlik ili"-dövlətimizin tam suverenliyinə nail olması on minlərlə məcburi köçkünün doğma torpaqlarına qayıdışı ilə yanaşı, ilin sonunda elan edilən amnistiya aktı 20 mindən çox insanı əhatə etdi.
2025-ci ildə ölkəmizdə və regionda Azərbaycanın Zəfəri ilə başlayan yeni mərhələ insan hüquqları sahəsində dünyada heç bir ölkənin nail olmadığı uğura-Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması kimi tarixi addım atılıb.
Məlumdur ki, Sülh hüququ BMT tərəfindən tanınan fundamental insan hüququdur. BMT BA tərəfindən "Xalqların Sülh Hüququ haqqında Bəyannamə"si (1984-cü ildə) qəbul edilib. Bəyannamədə qeyd edilir: "Sülh hüququ bəşəriyyətin yaşaması üçün ən zəruri hüquq hesab olunur. "Xalqların müqəddəs sülh hüququ var." BMT dövlətlərə və beynəlxalq təşkilatlara xalqların sülh hüququnun həyata keçirilməsinə kömək etmək üçün əllərindən gələni etməyə çağırır.
Hesabatın tərtibatı, strukturu və məzmunu həm də, müstəqil Müvəkkilin insan hüquqlarının qorunması sahəsindəki fəaliyyət göstəricilərini, dinamikasını əks etdirən mötəbər data baza formalaşdırır.
Məruzədə bir çox müsbət ilklər yer alıb və onları məhz strukturda aydın görmək mümkündür. İlk dəfə 7 yeni yarımfəsil əlavə edilib, "I Fəslin, 1.3." 1.3. Əhali qruplarının hüquqlarının müdafiəsi" adlanan altbəndində " 1.Ermənistandan qaçqın düşən azərbaycanlıların hüquq və azadlıqları" yeni istiqamətdir. Məruzədə təklif və tövsiyələrin səhifə həcmi ötən ildəkindən çox-12 səhifə təşkil edib, 2024-cü ilin Məruzəsi ilə müqayisədə ( 78 təklif və tövsiyyə), daha çox- 94 təklif və tövsiyyə yer alması mahiyyətcə yeni, praktiki yanaşmanı ifadə edir. Diaqramların sayı isə ötən ilki 6dan 20 diaqrama yüksəldilib. Milli Preventiv mexanizmə uyğun olaraq, başçəkəmələrin müsbət nəticələri ortadadır. Beləliklə, hesabatın strukturu, insan hüquqlarının qorunması sahəsində fəaliyyəti ombudsmanların dünya praktikasında mövcud standart və tələblərinə cavab verməklə, həcm və əhatə baxımından da təkmilləşdirilib.
Deputat bildirib ki, Ombudsmana müraciətlərin statistikası və dinamikası mühüm əhəmiyyət kəsb edir:
"2025-ci ildə Müvəkkilə 42, 685 sayda müraciət edilib. Ombudsmanın ünvanına 29.371 müraciətin daxil olduğu 2024-cü illə müqayisədə 13, 314 müraciət çoxdur! Çağrı mərkəzinə "916" çağrı mərkəzinə 14, 718 zəng daxil olub və hüquqi məsləhətlər verilib. Rəqəmlər həm hakimiyyət orqanlarının fəaliyyəti, həm də problemlərin coğrafiyası və miqyası haqda aydın təhlillər aparmağa imkan verir.

Məruzədə 2025-ci ildə aidiyyəti dövlət qurumları tərəfindən görülmüş tədbirlər nəticəsində Suriya Ərəb Respublikasından 18 nəfər (5 qadın, 13 uşaq) Azərbaycan Respublikası vətəndaşının ölkəyə repatriasiyasının təmin olunduğu vurğulanır. Lakin Rusiya-Ukrayna müharibəsində həyatını itirən və yaralanan vətəndaşlarımızın məsələsinə də ayrıca yer verilməsinə ehtiyac var.
Hüquq və azadlıqların məhkəmə təminatı, mərkəmə qərarlarının icrası ilə bağlı nəhayət, xüsusi icraat institutunun yaradılması, sağlamlığın qorunması hüququ, xüsusilə regionlar üzrə həkimlərin sayının əhalinin sayına mütənasibliyi məsələsi, narkomaniya və toksikomaniya xəstələrinin sayı, narkotik maddələrin qanunsuz dövriyyəsinə və satışına qarşı daxili işlər orqanlarının peşəkar və qətiyyətli mübarizəsi, mənzil hüququnun təminatı sahəsində əsasən Bakı şəhərində aparılan tikinti-quruculuq işləri zamanı vətəndaşlar və tikinti quurmları arasında yaranan problemlər problemlər və onların həlli yolları təklif olunub.
Sonda, bir tövsiyələrimizi qeyd etmək istərdik.
* Artıq "özünü ləğv edən" separatçı qurumun "ombudsmanı" süni fəallıq və mövcudluq görüntüləri yaradır, müxtəlif hesabatlar tirajlayır. Qondarma qurumun müvəkkili ABŞ vitse-prezidentinin sepratçı rəhbərlərlə bağlı müraciət etmişdilər. Müvəkkilin Zəfərimizdən sonra səsləndirdiyi: "Ombudsman Aparatının 4 regional mərkəzi var- Gəncə, Şəki, Quba və Cəlilabad. Tez bir zamanda 5-ci regional mərkəzimiz Qarabağda açılacaq"-açıqlamasına bir daha qayıdaraq, Qarabağ bölgəsində konstitutsional hüquqi əsaslı regional Ombudsman Mərkəzinin açlması saxta "ombudsmanlara" cavab olardı.
* Vətən müharibəsində Qələbəmizdən sonra bütün dövlət institutları kimi, Müvəkkilin yeni institutional hədəfləri qarşıya qoyduğunu nəzərə alaraq, Azərbaycanı hesabatlarına daxil edən ölkələrdə insan haqlarının durumuna dair türk dövlətləri ilə birgə reportlar hazırlamaq təsirli əks addımlardan biri olar,
* Süni İntellekt və insan hüquqları yönündə Ombudsmanın fəallığını müsbət qiymətləndiririk. Dövlətimizə qarşı xaricdən idarə olunan hibrid hücumlar və süni zəka əsaslı deep feyklər insan haqlarını pozan ən böyük problemə çevrilib. Xüsusilə də xarici dövlət himayəli terror mediasının sistemli hücumlarına qarşı Ombudsmanın Məruzələrində sərt mövqenin göstərilməsi təkcə vətəndaşların, dövlət institutlarının deyil, həm də milllətimizin hüquqlarının qorunmasının ən mühüm töhvə olardı.
Yekunda bir daha vurğulayaq ki, Müvəkillin fəaliyyətinin 20 ili qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərin əksini tapşdığı işğal dövrünün hesabatların həsr olunurdu. İndi qalib dövrün məruzələrinə, Yeni Vətən quruculuğuna və Böyük Qayıdışa qiymət veririk. Təkcə bu fakt hər birimizi daha məsuliyyətl olmağa, Qələbəmizi heç bir hüququ pozuntusu hadisəsinə baxmadan qorumağa, Məruzəyə obyektiv qiymət verməyə güclü əsas yaradır. İnanırıq ki, Müvəkkilin insan hüquq və azadlqılarının qorunması sahəsində çoxşaxəli fəaliyyəti millət vəkilləri tərəfindən də yüksək qiymətləndiriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31