Ötən il Ombudsmanın ünvanına 42.685 müraciət daxil olub
11:34 SiyasətÖtən il Ombudsman Konstitusiya Qanunu ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində insan hüquq və azadlıqlarının müdafiəsi, hüquq pozuntularının qarşısının alınması, habelə hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyətini dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, media subyektləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində davam etdirmişdir. "Olaylar" xəbər verir ki, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ildəki fəaliyyəti ilə əlaqədar məruzəsini təqdim edərkən deyib: "2025-ci ildə Ombudsmanın ünvanına 42.685 müraciət daxil olmuşdur. 7/24 rejimində fəaliyyət göstərən Ombudsmanın "916" Çağrı Mərkəzi tərəfindən 14.718 zəng qəbul edilmişdir. İl ərzində Ombudsman, onun Aparatı və regional mərkəzləri tərəfindən ümumilikdə 9.060 nəfər şəxs qəbul edilmişdir.
Ombudsmana ünvanlanan müraciətlərin araşdırılması məqsədilə aidiyyəti dövlət qurumlarına, idarə, müəssisə və təşkilatlara sorğular ünvanlanmış, bir çox hallarda nöqsan və çətinliklərin aradan qaldırılması və pozulmuş hüquqların bərpası üzrə zəruri tədbirlər görülmüş, təklif və tövsiyələr verilmişdir. Bununla yanaşı, Ombudsmanın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı ərizəçilərə həm qəbul zamanı, həm də rəsmi məktub vasitəsilə hüquqi məsləhətlər, insan hüquq və azadlıqlarının müdafiəsi formaları, üsulları, habelə müxtəlif hallarla bağlı aidiyyəti orqanlara müraciət etmələri barədə izahatlar verilmişdir"