Vaşinqton Bəyənnaməsi insan hüquqlarının pozulmasına səbəb olmuş münaqişənin bitməsinə şərait yaradıb- ÖZƏL

"Ölkə Prezidentinin yürütdüyü uğurlu xarici siyasət Azərbaycanın regional sülh və təhlükəsizlik gündəminin ardıcıl şəkildə irəli aparılması üçün əlverişli zəmin yaratmış, siyasi-hüquqi sabitlik və güclənmiş suverenlik amili Azərbaycan və Ermənistan arasında sülh
prosesinin yeni mərhələyə keçməsini təmin edən başlıca faktorlardan olmuşdur". "Olaylar" xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva deyib: "Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində iki ölkə arasında Birgə Bəyannamənin imzalanması uzun illər insan hüquqlarının pozulmasına səbəb olmuş münaqişənin bitməsinə, regionda sülh və sabitliyin bərqərar olmasına, dövlətlərarası münasibətlərin, o cümlədən iqtisadi əməkdaşlığın genişlənməsinə və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına əsaslı şərait yaratmışdır. Türkdilli ölkələrlə əlaqələrin inkişaf etdirilməsi Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələr arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına, habelə koordinasiyalı təhlükəsizlik siyasətinin formalaşdırılmasına xidmət etmiş, insan hüquq və azadlıqlarının qorunması və təşviqi üçün daha əlverişli regional mühitin formalaşmasına töhfə vermişdir.
Qlobal və regional miqyasda əldə edilən mühüm nailiyyətlər, habelə müasir tendensiyalar və çağırışlar Ombudsmanın insan hüquq və azadlıqlarının təmin olunması üzrə fəaliyyətinin daha da təkmilləşdirilməsi, təsisatın institusional potensialının gücləndirilməsi üçün əlverişli zəmin yaratmışdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31