İran, yoxsa Çin- ABŞ daha kimi və necə vuracaq?- ÖZƏL
10:57 Siyasətİrana hücum ehtimalı ABŞ-ın uzunmüddətli və ciddi hazırlığı ilə qaçılmaz prosesə çevrilmişdi. Şübhəsiz ki, hücum tamamilə İsrailin istəklərinə uyğun və demək olar ki, baş nazir Netanyahunun bütün həyatının, siyasi fəaliyyətinin yekunu, zirvəsi kimi də bitməlidir. İndiki mərhələdə yəhudilərin ABŞ-dan fərqli olaraq məqsədləri qlobal deyil, regional olsa da, nəticə etibarı ilə qlobal nəticə xarakterlidir.
Prosesdə əvvəlcə İranın Yaxın Şərqdə bütün proksi qüvvələri (əsasən də Həmas, Hizbulla) sıradan çıxarıldı. İran əsas provokativ və manipulyasiya və siyasi təsir səhnəsi Suriya, Yəmən və Qəzzadan məhrum edildi. Beynəlxalq arenada siyasi-diplomatik, eləcə də hərbi dəstəkçiləri Venesuela, Rusiya, Çin özlərinin siyasi və iqtisadi çətinlikləri fonunda təsirsiz hala gətirildi. Baxmayaraq ki, Çin hələ də İrana dəstəyini davam etdirir.
İranın, daha doğrusu teokratik rejimin Qərb və yəhudi dövləti üçün missiyası və əhəmiyyəti Çin faktoru ilə itdi. İnkar edilməz faktdır ki, indiki dövrdə ABŞ-ın əsas hədəfi, Rusiya, İran, Venesuela və sair deyil, hələ ki hədəf Çindir. Çinin faktiki izqoy dövlətlər hesabına ucuz xammal və enerji daşıyıcıları ilə iqtisadi və hərbi sıçrayışı, Çinə bu vəziyyəti yaradan vasitə və hakimiyyətlərin dəyişdirilməsi, dövlətlərin ABŞ-dan tam asılı vəziyyətə salınması mütləq zərurətə çevrilmişdi. Yəni, Venesuela, İran, Rusiya bu prosesdə vasitədir. Yəhudilərin regional, ABŞ-ın isə qlobal məqsədləri var.
Əlbəttə ki, ABŞ-ın tək hədəfi Çinlə yekunlaşmır. Çinə təchizat nəzarətə götürüləndən sonra Rusiyada hakimiyyət dəyişikliyi prosesinə müxtəlif təsirlərlə start veriləcək. Eləcə də Amerika qitəsində də. Hətta ABŞ-ln bəzi Avropa ölkələri ilə, Afrika və Antarktida ilə bağlı planları açıq görünür.
ABŞ və Qərbin İranın parçalanmasının əleyhinə olması regional (türk, islam) tarazlığı, Rusiyanın parçalanmaması isə Çinin ərazi və iqtisadi təminat qazancı və hər iki halda da yaranacaq yeni dövlətlərə təsir və idarə olunmasında risklərlə bağlıdır. İranda sonuncu ixtişaşlara ABŞ-ın faktiki dəstək verməməsi, Rza Pəhləvinin hakimiyyətə gətirilməsinin həmin dövrdə uyğunsuzluğu məhz İranın parçalanma ehtimalının yüksəlməsi ilə əlaqəli idi. ABŞ ixtişaşlarla İranda prosesi nəzarətə götürə bilmədi, ancaq müharibə ilə proses nəzarətindədir. Ukraynaya da lazımınca dəstəyin verilməməsi, Rusiyanın parçalanmasına deyil, onun əhəmiyyətli dərəcədə zəiflədilməsinə hesab götürülməsidir.
ABŞ artıq dünyanın əsas arteriya tranzit marşrutlarını, eləcə də Çinin əsas və kritik beynəlxalq dəniz ixrac marşrutlarını -
Malakka-Süveyş-Avropa xəttini, Panama, Cənubi Amerika üzrə tranzit xətlərini nəzarətə götürülməsində ciddi nəticələr əldə edib. Hətta Cənubi Qafqazda TRIPP xəttində də. Yeri gəlmişkən, Çin-ABŞ arasında Tayvan məsələsinin də əsas səbəblərindən biri Çinin Tayvan boğazı ilə Trans-Sakit okean (ABŞ istiqaməti) xətti üzrə ən qısa keçid imkanlarıdır.
Çinin də "Bir kəmər, bir yol" quru dəhlizləri üzrə ciddi marağının səbəbi budur. Əgər Çin ABŞ-ın iradəsinə zidd bu layihələri əhəmiyyətli ixrac potensialına çevirə bilərsə, marşrut üzrə həmin dövlətlərin konfliktlərə cəlb edilməsi, hakimiyyət dəyişikliyi prosesinə start veriləcək.
ABŞ prezidenti Donald Trampın hərəkətlərində xaotik heç bir addım yoxdur, əksinə, ABŞ dövlətinin mərhələli şəkildə həyata keçirdiyi, hətta Co Baydenin qoyduğu "miras" belə Donald Trampın siyasəti ilə polittexnoloji nəticə verməlidir. Trampın "xaotik və qeyri-stabil" siyasətinə qarşı impiçmentin yoxluğu sualına cavab da budur. Qaldı ki, Qrenlandiya məsələsinə, ABŞ Avropanı özündə saxlamaqla Qrenlandiyanı hərb ssenarisi olmadan mənimsəmək niyyətindədir. ABŞ-ın nəinki Avropa, ümumiyyətlə qlobal planlarının taleyi isə Böyük Britaniyanın yanaşmasından çox asılıdır, hansı ki, ABŞ-la artıq ciddi strateji xətt ayrılığı özünü açıq göstərir. Oyun hələ bitməyib...
Vüqar Dadaşov
Siyasi şərhçi