Nə Şərq, nə Qərb: Azərbaycanın regional sabitlik üçün strateji "müstəqillik" düsturu – ÖZƏL

"Regionda artan gərginlik fonunda Azərbaycanın mövqeyi həm prinsipial, həm də praqmatik xarakter daşıyır. Azərbaycan tərəfindən verilən son bəyanatlar göstərir ki, Azərbaycan bir tərəfdən beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini qoruyur, digər tərəfdən isə regionda sabitliyin pozulmasının öz milli təhlükəsizliyi üçün yaratdığı riskləri dəqiq qiymətləndirir." 

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin hərbi eskalasiyaya dair açıqlaması əslində balanslaşdırılmış xarici siyasətin klassik nümunəsidir. Burada əsas xətt ondan ibarətdir ki, Azərbaycan heç bir geosiyasi blokun alətinə çevrilmədən, regional sabitliyin qorunmasına xidmət edən məsuliyyətli aktor kimi çıxış edir. Bu mövqe uzun illərdir formalaşdırılmış çoxvektorlu diplomatiyanın nəticəsidir.

"Eyni zamanda Prezident İlham Əliyev tərəfindən İran Prezidentinə başsağlığının verilməsi və xarici işlər naziri Ceyhun Bayramov ilə Abbas Ərağçi arasında keçirilən telefon danışığı göstərir ki, Bakı-Tehran xəttində kommunikasiya kanalları açıq qalır. Diplomatiyada ən vacib elementlərdən biri məhz böhran anlarında dialoqun davam etdirilməsidir və Azərbaycan bu prinsipi qoruyur.
Burada xüsusi diqqət çəkən məqam Azərbaycanın öz ərazisinin üçüncü ölkələrə qarşı istifadə edilməyəcəyi ilə bağlı verdiyi açıq və qəti mesajdır. Bu bəyanat bir neçə istiqamətdə mühüm siqnal kimi qiymətləndirilməlidir. Əvvəla İran üçün bu, təhlükəsizlik zəmanəti xarakteri daşıyır. Digər tərəfdən regiondankənar güclərə Azərbaycanın müstəqil siyasət yürüdən aktor olduğu xatırladılır. Başqa bir tərəfdən isə daxili auditoriya üçün ölkənin suveren qərarvermə qabiliyyəti nümayiş etdirilir.
Bundan sonra Bakı-Tehran münasibətlərində müəyyən yumşalma və qarşılıqlı etimadın bərpası istiqamətində addımların şahidi ola bilərik. Son dövrlərdə gərginlik elementləri mövcud olsa da, hər iki tərəf anlayır ki, qonşuluq faktoru dəyişməzdir və qarşıdurma heç bir tərəfin maraqlarına cavab vermir. Xüsusilə nəqliyyat dəhlizləri, enerji layihələri və sərhəd təhlükəsizliyi kimi məsələlər əməkdaşlığı zəruri edir.
Digər tərəfdən, regionda böyük güclər arasında qarşıdurmanın dərinləşməsi Azərbaycanın rolunu azaltmır, əksinə artırır. Çünki belə mürəkkəb geosiyasi şəraitdə balans yarada bilən, tərəflərlə dialoq qura bilən ölkələrin əhəmiyyəti yüksəlir. Azərbaycan həm Şərq, həm Qərb, həm də region ölkələri ilə işləyə bilən nadir platformalardan biridir", - deyə B. Quliyev əlavə edib. 

Ekspert qeyd edib ki, bu baxımdan Azərbaycanın əhəmiyyətinin azalması ilə bağlı fikirlər reallığı əks etdirmir. Əksinə, hazırkı şəraitdə Bakı sabitlik adası kimi çıxış edərək vasitəçilik və körpü rolunu daha da gücləndirə bilər. Əsas məsələ bu balansın qorunması, emosional deyil, rasional siyasətin davam etdirilməsidir. Azərbaycan üçün əsas çağırış xarici təzyiqlər fonunda strateji müstəqilliyi qorumaq, regional riskləri minimuma endirmək və diplomatik manevr imkanlarını geniş saxlamaqdır. Mövcud siyasət kursu göstərir ki, Bakı bu mürəkkəb mərhələdə də soyuqqanlı və hesablanmış addımlar atmağa üstünlük verir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31