Üç Avropa ölkəsi İranı təhdid etdi: yeni koalisiya ortaya çıxdı – Dünya müharibəsi başlayır?

İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq Körfəz ölkələrində yerləşən Amerika bazalarını hədəf alması rezonans doğurub. Almaniya, Fransa və Britaniya liderləri Tehranı Yaxın Şərqdəki müttəfiqlərinə hücum etməyə davam edəcəyi təqdirdə hərbi əməliyyatlarla hədələyiblər.

Fransa Hərbi Dəniz Qüvvələrinin Baltik dənizindəki təlimləri dayandıraraq "Şarl de Qoll" təyyarədaşıyan gəmisini təcili olaraq Şərqi Aralıq dənizinə köçürməsi də mövcud vəziyyətdə diqqət çəkib. Britaniya və Almaniya liderləri də ABŞ-a dəstək mesajları səsləndirir və İranı günahlandırırlar.

ABŞ-İsrail qüvvələrinin İrana hücumu üçüncü dünya müharibəsinin başlanğıcı kimi qiymətləndirilə bilərmi? Böyük Britaniya, Almaniya və Fransanın İrana qarşı hərbi əməliyyatlarda iştirak ehtimalı nə dərəcədə realdır? İrana qarşı geniş beynəlxalq koalisiyanın yaradılması mümkündürmü?

Globalinfo.az-a danışan sabiq diplomat, Azərbaycanın Tehrandakı keçmiş səfiri Nəsib Nəsibli deyib ki, dünya müharibəsi iki böyük ölkə qrupunun bir-birinə qarşı çıxması və genişmiqyaslı hərbi əməliyyatların aparılması deməkdir:

"Hazırda isə biz birtərəfli proses müşahidə edirik. İran faktiki olaraq tək qalıb. Bu gün Tehranın arxasında dayanacağı gözlənilən Çin və Rusiya açıq şəkildə prosesə qoşulmayıb. Daha dəqiq desək, bu ölkələr yalnız müəyyən silah dəstəyi ilə kifayətləniblər.

İrana qarşı koalisiyanın yaradılmasına gəlincə, belə bir birlik artıq mövcuddur. İngilislərin və fransızların İrana qarşı həyata keçirilən hücumlarda iştirak etməsi məlum məsələdir. Onlar hazırkı əməliyyatlarda dolayı yolla rol oynayırlar. Bunun ən real göstəricilərindən biri İranın regiondakı ABŞ bazaları ilə yanaşı, Böyük Britaniya və Fransa hərbi obyektlərini də hədəfə almasıdır. Yəni faktiki olaraq belə bir koalisiya var. Bu əməliyyatları təkcə ABŞ və İsrail həyata keçirmir, meydanda daha geniş bir koalisiya mövcuddur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31