Niyə məhz 28 fevral?- Üç gizli görüş izlənilib, Xameneinin yeri müəyyən olunub

ABŞ və İsrailin İrana qarşı 28 fevralda həyata keçirdiyi hücumun tarixi təsadüfi olmayıb.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, İsrail və ABŞ kəşfiyyat orqanları uzun müddət İranın ali siyasi və hərbi rəhbərliyinin eyni vaxtda bir araya gəldiyi nadir fürsəti izləyib. Mənbələrin iddiasına görə, məhz fevralın 28-də əsas fiqurların potensial zərbə altına düşməsi üçün əlverişli şərait formalaşıb.

Nəşr yazır ki, kəşfiyyat strukturları bir deyil, üç belə görüşü müəyyən edə bilib. Bundan əlavə, İranın ali rəhbəri Əli Xameneinin dəqiq yerləşdiyi məkanın müəyyənləşdirildiyi bildirilir.

Məlumata əsasən, zərbə günün işıqlı vaxtında endirilib ki, bu da mənbələr tərəfindən "presedentsiz addım" kimi qiymətləndirilib. İddialara görə, İsrail aviasiyası Xameneinin iqamətgahına təxminən 30 bomba atıb və nəticədə kompleks ciddi dağıntılara məruz qalıb.

İsrailin keçmiş hərbi kəşfiyyat rəhbəri Amos Yadlin isə qeyd edib ki, adətən bu tip əməliyyatlar gecə saatlarında, "qaranlığın pərdəsi altında" həyata keçirilir. Onun sözlərinə görə, 2025-ci ilin iyununda İrana qarşı həyata keçirilən əvvəlki qəfil əməliyyat da gecə başlanmışdı. Hazırkı gündüz zərbəsi isə "taktiki sürpriz" effekti yaradıb.

Məqalədə vurğulanır ki, 28 fevral hücumu həm vaxt seçimi, həm də hədəfin miqyası baxımından Yaxın Şərqdə qüvvələr balansına təsir edə biləcək strateji qərar kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31