İki Qərb ölkəsi Ukraynaya qarşı savaş açır: Rusiyapərəst dövlətlər Avropa Birliyini də dağıdır
17:28 SiyasətKremlin "avropalı dostlar"ının Avropa Birliyinə qarşı sərt ittihamları sadəcə, emosional mövqe xarakteri daşımır... Ona görə də, strateji seçimə məcbur qalmış Avropa Birliyinin parçalanmadan yayınma ehtimalı getdikcə zəifləyir...
Ukraynanın Avropa Birliyinə üzvlük iddiaları bu qurumun daxilində ziddiyyətləri dərinləşdirən əsas geopolitik faktorlardan birinə çevrilməyə başlayıb. Çünki Avropa Birliyi daxilində rəsmi Kiyevin bu iddialarına pozitiv yanaşan ölkələrlə yanaşı, sərt ritorika üzərindən müqavimət göstərən dövlətlər də var. Və bu, Avropa Birliyi daxilində Rusiyanı dəstəkləyənlər ilə Kremlə qarşı açıq cəbhə açanlar arasında amansız qarşıdurma kimi də qəbul olunur.
Onu da qeyd etmək lazımdır ki, son vaxtlar açıq-aşkar Rusiyanın Avropa Birliyi daxilindəki tərəfdaşı kimi davranan Macarıstanın baş naziri Viktor Orban ilə Brüssel arasında qarşıdurma artıq yalnız sərt ritorika səviyyəsində deyil. Yəni, bu qarşıdurma artıq Avropa Birliyinin gələcək strateji prioritetlərinin müəyyənləşməsi uğrunda siyasi savaşa çevrilir.
Məsələ ondadır ki, Avropa Birliyi rəsmisi Kaya Kallasın Rusiyaya qarşı sərt şərtlərini və tələblərini ehtiva edən sənədi ilə Macarıstan baş naziri Viktor Orbanın "tarixi paralellər" ritorikası arasında əslində iki fərqli Qərb modeli kəskin şəkildə toqquşur. Çünki bu mərhələdə Ukrayna savaşının dayandırılması prosesinə bəzi önəmli faktorlar neqativ təsir göstərir.
Təbii ki, bu önəmli faktorlar arasında ABŞ-ın sülh prosesində tutduğu mövqe, Mərkəzi Avropada siyasi dinamikanın davamlı dəyişməsi və Rusiya ilə Avropa Birliyi arasında qarşılıqlı iqtisadi asılılığın mövcud olması böyük əhəmiyyət daşıyır. Belə ki, ABŞ-ın transatlantik strateji tərəfdaşlıq xəttinə sadiq qalma ehtimalı getdikcə azalır. Halbuki, Ukrayna müharibəsinin başlanğıcından üzü bəri ABŞ Avropa Birliyi üçün "təhlükəsizlik çətiri" rolunu oynayırdı.
Digər tərəfdən, Rusiya ilə müharibədə Ukraynanın əsas siyasi dayağı da məhz ABŞ-ın hərbi və maliyyə dəstəyi olub. Ancaq Tramp administrasiyasının hakimiyyətə gəlişi ilə ABŞ-da siyasi kursun dəyişməsi həm Avropada, həm də Ukraynada qeyri-müəyyənlik yaradıb. Çünki əgər, Ağ Ev Ukrayna savaşına münasibətdə daha praqmatik xəttə keçərsə, Rusiya ilə məhdud razılaşma modelini dəstəkləyərsə, və ya ABŞ əsas diqqətini məhz Çin istiqamətinə yönəldərsə, onda Avropa Birliyinin hazırkı maksimalist siyasi kursu ciddi şəkildə zəifləyə bilər.
Əslində, Macarıstan baş naziri Viktor Orbanın sərt ritorikasındakı gizli mesaj da məhz bu önəmli məqamla birbaşa bağlıdır. Belə ki, macar baş nazir Avropa Birliyindəki tərəfdaşlarına "ABŞ mövqeyini tamamilə dəyişib, Rusiyanın yanında yer alarsa, Avropa tək qalacaq" demək istəyir. Avropa Birliyini praqmatik strateji seçim etməyə çağıran Macarıstan bu mövqeyində qətiyyən tək deyil. Rusiyaya yaxınlığı ilə diqqəti çəkən Slovakiya da enerji məsələsində məhz rəsmi Budapeştə daha yaxın mövqe sərgiləyir.
Bütün paralel olaraq, Mərkəzi Avropada isə Rusiyadan enerji asılılıq, iqtisadi maraqlar və sosial-siyasi narazılıqlar daha ehtiyatlı mövqeləri gücləndirir. Ona görə də, əgər, bu xətt güclənərsə, Avropa Birliyi daxilində iki düşərgənin formalaşa biləcəyi qətiyyən istisna deyil. Belə ki, "qoca qitə"də sərt xətt tərəfdarlarını Baltikyanı ölkələrin, Polşanın və Şimali Avropa dövlətlərinin təmsil edəcəyi gözlənilir. Buna alternativ olan praqmatik-realist düşərgədə isə Macarıstan, Slovakiya və potensial olaraq, digər Mərkəzi Avropa ölkələrinin yer alacağı şübhə doğurmur. Və bu, 2027-ci ildə Ukraynanın Avropa Birliyinə üzvlüyü ilə bağlı vədlərin icrasını ciddi şəkildə qəlizləşdirə bilər.
Bütün bunlar Rusiya və Avropa Birliyi arasında olduqca ciddi qarşılıqlı iqtisadi asılılığın mövcudluğunu göstərir. Belə ki, sanksiyalara baxmayaraq, Avropa Birliyinin iqtisadiyyatı Rusiyadan hələ tam qoparılmuş deyil. Çünki Rusiyanın Avropa enerji bazarlarına dolayı yollarla çıxışı belə, açıq qalmaqdadır, xammal və strateji resurslar məsələsi də həllini tam tapmayıb, "qoca qitə" iqtisadiyyatı yüksək enerji xərclərindən əziyyət çəkir.
Ona görə də, əgər, Ukrayna müharibəsi uzanarsa, Avropa siyasi məkanında sosial təzyiqlər və "populist ictimai dalğa" daha da güclənə bilər. Macarıstan baş naziri Viktor Orban da əslində, məhz Avropa Birliyinin bu daxili zəiflik nöqtələrinə zərbə endirməyə çalışır. Yəni, macar baş nazir açıq və məqsədyönlü şəkildə enerji təhlükəsizliyi ilə bağlı problemləri məhz geopolitik qarşıdurmanın tam mərkəzinə doğru çəkir.
Bütün bunlar onu göstərir ki, əgər, Avropa Birliyi Ukraynanı sürətlə bu qurumun üzvlüyünə yaxınlaşdırarsa və Rusiyaya yönəlik indiki tələblərini əsas siyasi prioritet kimi saxlayarsa, onda bu, Kreml ilə uzunmüddətli qarşıdurmanı strukturlaşdırmış olacaq. Ancaq bu halda, üstəlik, Ukrayna müharibəsi də "dondurulmuş münaqişə" modelinə keçirilərsə və ABŞ da öz mövqeyini tamamilə əks istiqamətə dəyişərsə, Avropa Birliyi daha praqmatik kursa yönəlmək məcburiyyətində qala bilər.
Belə anlaşılır ki, Macarıstan baş naziri Viktor Orbanın Avropa Birliyinə qarşı sərt ittihamları sadəcə, emosional mövqe xarakteri daşımır. Macar baş nazir hazırda daha çox Avropa Birliyinin strategiyasından qaynaqlanan ciddi risklərə diqqət çəkməyə cəhd göstərir. Və bu baxımdan, strateji seçim məcburiyyəti ilə üzləşmiş Avropa Birliyinin parçalanmadan yayına bilib-bilməyəcəyi böyük əhəmiyyət daşıyır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu