Nüvə proqramı, sanksiyalar və regional təsir: Tərəflər ortaq nöqtə tapa biləcəkmi?- ÖZƏL
18:13 SiyasətABŞ və İran arasında nüvə proqramı və təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar İsveçrənin Cenevrə şəhərində başa çatıb və proses beynəlxalq diqqət mərkəzindədir. Omanın vasitəçiliyi ilə keçirilən görüşlərdə İran nümayəndə heyətinə Seyid Abbas Əraqçi, ABŞ tərəfinə isə xüsusi nümayəndə Stiven Uitkoff rəhbərlik edib.
Bir neçə mərhələdən ibarət müzakirələrdə gərginliyin azaldılması, nüvə proqramı üzrə ilkin saziş layihəsi və sanksiyaların mərhələli ləğvi mexanizmi ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər əvvəlki raundlarda əsas prinsiplər üzrə ümumi razılığa gəldiklərini bildirsələr də, yekun nəticələrin praktik müstəvidə necə tətbiq olunacağı açıq qalır. Növbəti görüşün martın 2-də Vyanada keçirilməsi planlaşdırılır.
Danışıqların yekunlaşması real siyasi dönüş nöqtəsi sayıla bilərmi, yoxsa bu, sadəcə diplomatik pauzadır? Vyanada planlaşdırılan növbəti mərhələdə tərəflər arasında ən çətin müzakirə mövzusu hansı ola bilər?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" ABŞ və İran arasında danışıqlar hələlik düşünmürəm ki, real nəticələr versin. Çünki tərəflərin məsələyə baxışlarında və ümumiyyətlə, prinsipial məqamlarda mövqeləri ciddi şəkildə bir-birindən fərqlənir.
Əsas məsələ ondan ibarətdir ki, İran ABŞ-la yalnız nüvə proqramı ilə bağlı müzakirə aparmağa istəyir və müəyyən güzəştlər qarşılığında ABŞ-ın sanksiyaları ləğv etməsini tələb edir. ABŞ-ın mövqeyi isə ondan ibarətdir ki, İran ümumiyyətlə nüvə proqramından tamamilə imtina etsin, ballistik raketlərin istehsalı və onların uçuş məsafəsi ilə bağlı məhdudiyyətlərə razılaşsın. Bundan başqa, İranın proksi qüvvələrə dəstəyini dayandırması da ABŞ-ın tələbləri sırasındadır. Yəni Yaxın Şərqdəki HƏMAS, Hizbullah, Husilər və digərləri nəzərə alınmaqla. Bu məsələni də İran qəbul etmir.
O baxımdan, görüşün müəyyən konstruktiv məcrada keçdiyi bildirilsə də, tərəflər arasında prinsipial və real məsələlərlə bağlı hər hansı razılaşmanın əldə olunduğuna dair açıqlama yoxdur. Növbəti həftə yeni bir görüşün keçirilməsi planlaşdırılır ki, bu da tərəflərin mövqelərinin hələ də uzlaşmadığını göstərir.
Vacib məqam ondan ibarətdir ki, bu müzakirələrdə yalnız ABŞ və İran iştirak etmir. Masada olmasa da, prosesdə maraqlı və ciddi faktor olan İsrail amili var və onun mövqeyi də nəzərə alınmalıdır. İsrailin İranla bağlı mövqeyi kifayət qədər sərtdir və hər hansı güzəştə meyilli görünmür. Bu baxımdan düşünmürəm ki, qarşıdakı görüşdə tərəflər ümumi yekun razılaşmaya gələ bilsinlər".
Zeynəb Mustafazadə