Xocalı unudulmayacaq:işğaldan azad edilən torpaqda ucalan ədalət abidəsi- ÖZƏL
17:05 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Memorial Prezidentin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və milli yaddaşın qorunması məqsədilə yaradılıb.
.jpg)
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" Xocalı Soyqırımı Memorial Kompleksi uzun müddətdir ki, cənab Prezidentin də dediyi kimi, onu düşündürən bir məsələ idi.
Mən Prezidentin çıxışına baxdım, çox maraqlı detallar var idi. Qeyd edirdi ki, buna dair fikirləri olub, amma bir hiss onu bundan çəkindirirdi. Məhz torpaqlarımızın işğaldan azad olunmasından sonra Xocalı da işğaldan azad edildi və həqiqətən də bu hiss özünü burada doğrultdu ki, torpaqlarımız azad olundu və bu memorial kompleks məhz elə Xocalıda tikilməli idi. Amma bu, əslində çox mühüm bir hadisədir. Çünki Azərbaycan torpaqlarını işğaldan azad etsə də, Ermənistanla sülh prosesi uğurla davam etsə də, hətta sülh müqaviləsi imzalansa belə, nəticə etibarilə Azərbaycan Xocalı soyqırımının tanıdılması və dünyaya çatdırılması məsələsində geri durmayacaq. Əksinə, bu proses daha da sistematik şəkildə inkişaf etdiriləcək və dünyaya ardıcıl şəkildə təqdim olunacaqdır. Çünki bu, XX əsrin sonu- XXI əsrin əvvəllərində, yəni bir əsrlik dönüş dönəmində baş vermiş insanlıq adına bir ləkədir. Burada təkcə azərbaycanlı qadınlar, uşaqlar, qocalar deyil, ümumilikdə insan həyatı məhv edilib və sistematik bir təmizləmə prosesindən bəhs edilir. Qeyri-insani, insan haqlarının kobud şəkildə pozulmasının açıq faktları olan bir hadisədir.
Bunun unudulması doğru deyil. Əslində bu hadisə ermənilər üçün də bir dərs olmalıdır. Azərbaycanlılar bu hadisəni ona görə unutmamalıdır ki, unudulan faciələr təkrarlana bilər. Ermənilər də unutmamalıdır ki, belə hərəkətlərin hansı nəticələrə gətirib çıxara biləcəyini tarix artıq göstərib.
Mənə görə bu, ermənilər üçün çox böyük bir eyibdir ki, bir xalq digər xalqa qarşı düşmən kəsilsin. Tarixə baxsaq, azərbaycanlıların ermənilərə qarşı soyqırımı faktı yoxdur, demək olar ki, yoxdur. Amma ermənilərin azərbaycanlılara qarşı törətdiyi faktlar birdən çoxdur.
Artıq bu hadisələrdən ikisi ilə bağlı memorial kompleks var. Bunlardan biri Quba soyqırımı ilə bağlıdır, digəri isə məhz Xocalı soyqırımı ilə bağlıdır. Hesab edirəm ki, bu kimi hadisələrin memorial komplekslər şəklində qorunması və gələcək nəsillərə, eləcə də dünyaya sistemli şəkildə tanıdılması olduqca mühüm və vacibdir".
Zeynəb Mustafazadə