Cənubi Asiyada yeni münaqişə ocağı: Pakistan və Əfqanıstan müharibənin astanasında – ÖZƏL
17:00 Siyasət"Çox təəssüf ki, onsuz da od-alov içində olan dünyamızda yeni bir münaqişə ocağı baş qaldırıb. Ən üzücü məqam isə budur ki, bu qarşıdurma bizə dost və qardaş olan Pakistanın iştirakı ilə baş verir.
Məlumatlara görə, əvvəlcə Pakistana qarşı terror hadisələri törədilib, daha sonra isə Əfqanıstan ərazisindən Pakistan istiqamətində hücumlar həyata keçirilib. Hər iki tərəfdən ölən və yaralananların olması vəziyyəti daha da ağırlaşdırır. Son xəbərlərdə Pakistanın nüvə obyektlərinə qarşı da hücum cəhdlərinin olduğu bildirilir və yüzlərlə insanın həyatını itirdiyi qeyd olunur. Bu, son dərəcə narahatedici haldır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Pakistan Azərbaycanın dost və qardaş ölkəsidir, ölkəmizin çətin günlərində daim yanında olub. Buna görə də baş verənlər bizi ciddi şəkildə narahat edir. Ümumiyyətlə, dünyada münaqişə ocaqlarının azalmaq əvəzinə artması ayrıca təəssüf doğurur.
Məsələyə regional kontekstdə yanaşdıqda, Hindistanın birbaşa müdaxiləsini real hesab etmirəm. Çünki açıq şəkildə prosesə qoşulmaq Hindistanın maraqlarına uyğun olmaz. Daha çox onun marağında ola biləcək məqam Pakistanla Əfqanıstan arasında qarşıdurma fonunda Pakistanın zəifləməsidir. Lakin birbaşa iştirak və ya müdaxilə Hindistanın adının müharibənin başlanmasında hallanmasına səbəb ola bilər ki, bu da Dehli üçün arzuolunan deyil.
Əgər münaqişə uzunmüddətli xarakter alsa, region üçün çox ciddi və qanlı nəticələr doğura bilər. Bu, təkcə Cənubi Asiya ilə məhdudlaşmaya, Mərkəzi Asiya bölgəsinə və hətta Hind okeanı hövzəsinə qədər uzanan təhlükə yarada bilər. Burada böyük güclərin maraqları da nəzərə alınmalıdır. Çinın həm Pakistan, həm də Əfqanıstanla münasibətləri var və regionda ciddi iqtisadi sərmayələri mövcuddur. Amerika Birləşmiş Ştatları faktoru da diqqətdən kənarda deyil. Eyni zamanda, Rusiyanın da hər iki ölkə ilə münasibətləri mövcuddur və prosesləri yaxından izləyir. Bundan başqa, Türkiyə də regionla bağlı maraqlı tərəflərdən biridir.
Nəzərdən qaçırılmamalıdır ki, Pakistan nüvə silahına malik ölkədir. Bu faktor mümkün eskalasiyanın nəticələrini daha təhlükəli edir və ciddi fəsadlara yol aça bilər.
"Qarşıdurma genişmiqyaslı müharibəyə çevrilməz. Böyük dövlətlərin heç birinin regionda nəzarətsiz və böyük müharibənin baş verməsində maraqlı olduğunu düşünmürəm. Artıq müxtəlif tərəflər istər Türkiyə, istər Çin, istərsə də Rusiya öz vasitəçilik və təkliflərini irəli sürüblər. Hətta İran da vasitəçilik təşəbbüsü ilə çıxış edib.
Ehtimal olunur ki, qarşıdurma lokal xarakter daşıyacaq və müəyyən müddətdən sonra səngiyəcək. Lakin istənilən halda, vəziyyət çox həssasdır və uzunmüddətli eskalasiya region üçün ciddi təhlükələr yarada bilər", - deyə ekspert əlavə edib.
Lamiyə Cəbrayılova