“Gürcüstanda viza dayandırılması bütün əhaliyə şamil oluna bilər” – ÖZƏL
12:50 SiyasətOlaylar.az xəbər verir ki, Avropa Komissiyasınin prezidenti Ursula von der Leyen Gürcüstanın müxalif siyasətçilərinə ünvanladığı məktubda bildirib ki, əgər hakimiyyət mövcud problemlərin aradan qaldırılması üçün addımlar atmasa, vizaların dayandırılması gələcəkdə bütün əhaliyə şamil edilə bilər.
Məktub 22 sentyabr 2025-ci il tarixində həbsdə olan gürcü müxalif siyasətçilər - Zurab Japaridze, Elenə Xoştaria, Nika Qvaramia, Nika Melia, Levan Xabeişvili, Giorgi Vaşadze, İrakli Okruaşvili və Givi Tarqamadze tərəfindən göndərilib. Ursula von der Leyenin cavabı isə 25 fevral tarixini daşıyır.
Məktubda qeyd olunur ki, Avropa İttifaqı Gürcüstan xalqının demokratik, sabit və Avropa yönümlü gələcəyi üçün bütün səylərini davam etdirəcək. Von der Leyen Gürcüstandakı bütün siyasi qüvvələri bu istiqamətdə çalışmağa çağırıb.
Sənəddə bildirilir ki, son dövrlər Gürcüstanda baş verən mənfi hadisələr fonunda Aİ ölkə hakimiyyətini jurnalistləri, fəalları və ədalətsiz şəkildə saxlanılan şəxsləri azad etməyə çağırıb və qəti tədbirlər görüb.
Komissiyanın təklifi ilə Aİ Şurası Gürcüstanla sadələşdirilmiş viza rejimini qismən dayandırıb. Qərar diplomatik və xidməti pasport sahiblərinə şamil olunur.
Məktubda vurğulanır ki, Komissiyanın məlumatına əsasən, Gürcüstan idarəçilik, hüququn aliliyi, viza tələblərinə uyğunluq və korrupsiyaya qarşı mübarizə sahəsində geriləmə nümayiş etdirir. Bu geriləmənin sistemli və məqsədli xarakter daşıdığı nəzərə alınaraq, Komissiya vizaların dayandırılması mexanizmi çərçivəsində əlavə tədbirlər proseduruna start verib.
Yeni qaydalara əsasən, ilk mərhələdə vizalar diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün dayandırılacaq. İkinci mərhələdə isə, əgər hökumət aşkar edilmiş problemlərin həlli üçün addımlar atmasa, viza dayandırılması bütün əhaliyə şamil oluna bilər.
Von der Leyen məktubunda həmçinin qeyd edib ki, Aİ-yə üzv dövlətlər Gürcüstanla bağlı növbəti addımları müzakirə edirlər. Sanksiyalarla bağlı üzv ölkələr arasında hələlik konsensus əldə olunmasa da, demokratik geriləmə və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyaların tətbiqi istiqamətində danışıqlar davam edir. Aİ-də sanksiyalarla bağlı qərarlar üzv dövlətlərin yekdil razılığı ilə qəbul edilir.