Rus sərhədçiləri Ermənistandan çıxdı, Türkiyə üçün hazırlıq başladı – İrəvandan kritik QƏRAR
12:15 SiyasətErmənistan-Türkiyə sərhədində uzun illər davam edən Rusiya hərbi mövcudluğuna son qoyulub. 2025-2026-cı illərdə mərhələli şəkildə həyata keçirilən qərar nəticəsində Rusiya hərbçiləri sərhəd-keçid məntəqələrindən çıxarılıb və nəzarət tam şəkildə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarına verilib.
Proses ilk olaraq 2025-ci ilin yazında "Marqara" keçid məntəqəsində başlayıb, daha sonra "Axurik" məntəqəsində də eyni dəyişiklik baş tutub. Bundan əvvəl isə Rusiya hərbçiləri Ermənistan-Türkiyə sərhəd xəttindən və İrəvandakı "Zvartnots" hava limanından da çıxarılmışdı.
Beləliklə, Ermənistan müstəqillik dövründə ilk dəfə olaraq Türkiyə ilə sərhədin mühafizəsini tam şəkildə öz milli sərhəd xidmətinə həvalə etmiş oldu.
Bu, İrəvanın Moskva ilə mövcud münasibətləri çərçivəsində necə dəyərləndirilməlidir?
Globalinfo.az-a danışan Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov deyib ki, Rusiyanın Ermənistandakı hərbi təmsilçiliyi iki istiqamətdə həyata keçirilir:
"Birincisi, Müdafiə Nazirliyinə tabe olan hərbi bazadır və onun fəaliyyəti xüsusi saziş əsasında tənzimlənir.
İkinci forma isə sərhədlərin qorunması ilə bağlıdır. Bu funksiya Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Qoşunları tərəfindən həyata keçirilirdi. FTX ayrıca qurumdur. Sözügedən fəaliyyət vaxtilə Ermənistanın Rusiyaya rəsmi müraciəti əsasında və müvafiq sənəd çərçivəsində təşkil olunmuşdu.
Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində, eləcə də İrəvandakı əsas hava limanında xidmət aparırdı. İlk olaraq hava limanından çıxarılma prosesi başladı. Ermənistan tərəfi Rusiyaya məktub ünvanlayaraq bildirdi ki, vaxtilə təhlükəsizlik baxımından göstərilən yardım üçün müraciət etmişdi, lakin artıq bu funksiyanı özü yerinə yetirmək imkanına malikdir.
Daha sonra Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərindəki buraxılış məntəqələri mərhələli şəkildə Ermənistan tərəfinin nəzarətinə keçdi və Rusiya sərhədçiləri ərazidən çıxarıldı. Bu proses kifayət qədər zaman aldı".
Politoloqun sözlərinə görə, hazırda Ermənistandakı Rusiya sərhədçilərinin çıxarılmasının iki əsas səbəbi var:
"Birinci səbəb Ermənistan-Türkiyə sərhədinin açılması istiqamətində atılan addımlardır. Bu prosesin yaxın gələcəkdə reallaşacağı gözlənilir. Belə olan halda, həmin sərhəddə Rusiya sərhədçilərinin mövcudluğu məqsədəuyğun hesab edilmir.
İkinci səbəb isə Ermənistanın Avropa İttifaqı ilə viza liberallaşdırılması prosesi çərçivəsində öz sərhədlərinə tam nəzarəti təmin etməsi ilə bağlıdır. Böyük ehtimalla, Ermənistan sərhədlərini tam şəkildə öz qüvvələri ilə qorumaq imkanına malik olduğuna qərar verdikdən sonra bu barədə yenidən Rusiyaya rəsmi müraciət ünvanlayıb əməkdaşlığın başa çatdığını bildirəcək".