Brüssel İranda hərbi münaqişəyə hazırlaşır: ABŞ-dən Tehrana 15 günlük ultimatum – ÖZƏL
12:04 SiyasətAvropa İttifaqı (Aİ) İran ətrafında hadisələrin inkişafı ilə bağlı, o cümlədən mümkün hərbi münaqişə də daxil olmaqla, bütün ssenarilərə hazırlaşır.
Olaylar.az xəbər verir ki, bu barədə Aİ-nin bərabərlik, hazırlıq və böhranların idarə edilməsi üzrə komissarı Xadca Lahbib məlumat verib.
"Euractiv" portalının verdiyi məlumata görə, komissar vurğulayıb ki, Aİ-nin humanitar mexanizmləri ciddi şəkildə ehtiyaclar əsasında və "hökumətlərə deyil, insanlara kömək etmək üçün" işə salınacaq. Lahbibin sözlərinə görə, bölgədə baş verəcək hər hansı hərbi zərbə Əfqanıstandan Pakistana qədər bütün regionun sabitliyini poza bilər.
Xatırladaq ki, yanvar ayında Ağ Ev Tehranın "ədalətli sövdələşməyə" (nüvə silahından tam imtinaya) razı olmayacağı təqdirdə güc tətbiq etməyə hazır olduğunu bəyan etmişdi. Pentaqon artıq Yaxın Şərqdə iki aviadaşıyıcı qrup da daxil olmaqla böyük hərbi qüvvə cəmləşdirib. Fevralın 19-da ABŞ administrasiyası İranla razılığın əldə olunması üçün maksimum 15 gün vaxt qaldığını elan edib.