Rusiya səfirliyinin Xocalı susqunluğu – Moskva nəyə İŞARƏ vurur?

"Biz 1992-ci ildə Xocalıda həlak olanların xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq". Bu, ABŞ-ın Azərbaycandakı səfirliyinin Xocalı faciəsinin ildönümü ilə bağlı paylaşımında qeyd edilib. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, ölkənin Müdafiə Nazirliyi də Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib. Həmçinin Fransa səfirliyi, İsveç səfirliyi, dost Pakistan, İsrail və bir sıra digər dövlətlərin səfirlikləri Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib. Rusiyanın Azərbaycandakı səfirliyi isə susub. Görəsən niyə? Bu, nəyin mesajıdır?

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov Musavat.coma- bildirib ki, regionda yeni reallıq formalaşıb: "Bu reallıq formalaşdıqdan sonra Cənubi Qafqazda ABŞ-nin aktivliyinin şahidiyik. Bu xüsusilə özünü iqtisadi layihələrdə göstərir. Şübhəsiz ki, münasibətlərin son dərəcə dinamik inkişaf etdiyi bir məqamda ABŞ-nin Azərbaycandakı səfirliyinin Xocalı faciəsinin ildönümü ilə bağlı paylaşımı olduqca müsbətdir, deməli, müsbət tendensiya bütün istiqamətlər üzrə davam edir və ABŞ Xocalı faciəsi ilə bağlı Azərbaycanın həssaslığının fərqindədir, buna hörmət etdiyini nümayiş etdirir. Türkiyə hər zaman olduğu kimi yanımızdadır və heç bir plan Türkiyəni Azərbaycandan, Azərbaycanı da Türkiyədən uzaqlaşdıraraq həyata keçirilə bilməz. Gərginliyə, xoşəgəlməzliyə və zaman-zaman pik həddə çatan münasibətlərə baxmayaraq Fransa və İsveç səfirliyinin faciənin ildönümü ilə bağlı başsağlığı verməsi də müsbət xarakterizə olunmalıdır. Deməli, prosesləri neytrallaşdırmağa qadir ola bilmişik. Habelə, dost Pakistanın və İsrailin, eləcə də bir sıra dövlətlərin səfirliklərinin Azərbaycana başsağlığı verməsi ondan xəbər verir ki, Azərbaycan regionun önəmli aktorudur, Azərbaycanın tarixi proseslərinə həssas yanaşma mövcuddur. Çünki Azərbaycan öz məğrur duruşu ilə hətta bəzi tərəfləri də buna məcbur edir.

Təbii ki, Rusiyanın bu məsələ ilə bağlı susqunluğunun səbəbi ondan ibarətdir ki, proseslərin arxasında kimin dayandığı bir daha üzə çıxır. Həmçinin, ABŞ-nin regionda aktivliyi Rusiyanın xoşuna gəlmir, bu, Rusiyanı ciddi narahat edir. Bu baxımdan da səfirliyin, bu tərəfin susqunluq nümayiş etdirməsi indiki məqamda proseslərin xoş məcrada olmadığından xəbər verir. Rusiya bütövlükdə xalqların ağrı-acısına dözümsüzlük nümayiş etdirir və imperialist maraqlardan çıxış edir. Düşünürəm ki, Rusiyanın soyqırımın ildönümü ilə bağlı Azərbaycana başsağlığı verməsi müsbət olardı və bu münasibətləri kifayət qədər yumşalda bilərdi. Azərbaycanın, təbii ki, mülkü təyyarənin vurulması ilə bağlı göstərmiş olduğu qətiyyət də məlumdur. Azərbaycan heç bir halda diktə siyasətinə tabi olmayacaq, buna getməyəcək. Azərbaycanın tarixinə də, proseslərə də, yaratdığı reallığa da hörmət qoymaq lazımdır. Ölkəmiz bu məsələdə tələbkar, qətiyyətli, habelə praqmatikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31