Qələbə tam olmağına tamdır, amma biz onun sarsılmazlığını təmin etməliyik- ÖZƏL
11:21 Siyasət"Xocalı soyqırımının 34-cü ildönümü günündə Azərbaycan Prezidenti cənab İlham Əliyevin onun törədildiyi yerin özündə Memorial Kompleksin açılışını etməsi bir neçə baxımdan əhəmiyyətlidir ki, o haqda danışmaq istəyirəm. Birinci onu deyim ki, bu kompleksin tikintisi təkcə yaddaş aktı deyil; 2023-cü ildə aparılan antiterror əməliyyatının, keçmiş hərbi xuntanın başında duranların tutulub Bakıya gətirilmələrinin vazkeçilməzliyinin və təbii ki, Qarabağ üzərində tam suverenliyin coğrafi əsaslandırılmasıdır. Kompleksin Bakıda yox, orada tikilməsi o deməkdir ki, Xocalı sadəcə yaşayış deyil, yaddaş və ədalətin təntənəsi məskənidir. Burada milli travmanın institusional idarəsindən də söhbət getmir, bu, qarşı tərəf üçün tarixi məsuliyyətin davamlı gündəmdə qalacağı deməkdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Törədildiyi düşərgələrin yerləşdiyi ərazilərdə tikilən Holokost memorialları kimi, Xocalı kompleksi də göstərir ki, ortada uydurmaya dayanan siyasi ritorika yox, tarixi fakt var.
Hörmətli həmkarlar, tarixi yaddaş əslində ağac kimidir, öz yerində daha möhkəm olur. Onun coğrafi kontekstdə qorunması həm də bu baxımdan önəmlidir. Eyni zamanda, bu kompleks Bakıda milli yaddaş rəmzi sayılacaqdısa, Xocalıda həm də tarix üzərində fiziki hakimiyyətdir.
Memorial Kompleksin soyqırımı törədilən, törədiləndən sonra da İvanyan adlandırılan, bununla da ən azından azərbaycanlılara orada şərikli vəhşiliyə yol verildiyini xatırladan və həmişə xatırladacaq Xocalıda tikilməsi cənab Prezidentin açılış çıxışında vurğulandığı kimi məhz ədalətin təntənəsinin və qazanılan qələbənin tamlığının rəmzidir.
Qələbə tam olmağına tamdır, amma biz onun sarsılmazlığını təmin etməliyik. Qisası prosesə çevirmədən isə bu mümkünsüzdür. Qisas deyəndə mən qətiyyən düşmənin etdiklərini təkrarlamağı çağırmıram; biz azərbaycanlıyıq, heç vaxt belə rəzilliyə getməmişik, getmərik. Mən qisas deyəndə altı üstünə çevrilən yaşayış məskənlərinin yerində indiki kimi, əvvəlkindən daha gözəllərinin salınmasını, etnik təmizləmə ilə üzləşənlərdən bir neçə dəfə çox soydaşımızın o cənnət yerlərə getmələrinin təmin edilməsini və təbii ki, dövlət olaraq durmadan güclənməyimizi nəzərdə tuturam. Bu fikri birinci dəfə deyil işlədirəm: bəli, bütün dövlətlər güclənmək istəyir, Azərbaycan isə buna məhkumdur. Əks təqdirdə başımıza gətirilənlərin daha dəhşətli şəkildə təkrarlanması qaçılmazdır.
Biz sarmaşıq toplum deyilik; kökü üstündə dayanan, özü boy atan, gücü varlığında, varlığı gücündə olan millətik. Məhz buna görə deyirəm ki, qələbənin əbədiliyi üçün qisas özü proses olmalıdır.
Yaddaşın həssaslıqla qorunması da, bu tarixi qələbənin təminində müstəsna xidmti olan Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşməmizin özü də elə əslində qisasdır".