Rusiya diaspor liderlərinə təzyiqi artırır: Azərbaycanlılar niyə hədəfdədir?- ÖZƏL
16:48 Siyasətİvanovo vilayətində fəaliyyət göstərən "Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti" ictimai təşkilatının rəhbəri Asif Məmmədov Rusiya Federal Təhlükəsizlik Xidmətinin qərarı ilə Rusiya vətəndaşlığından məhrum edilib. Oxşar hallara əvvəllər Arxangelsk, Moskva, Ulyanovsk vilayəti və Moskva şəhərində də rast gəlinib və bu tendensiyanın davam edəcəyi ehtimal olunur.
Rusiya diaspor rəhbərlərini niyə davamlı hədəf seçir və bununla münasibətləri niyə mürəkkəbləşdirir?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" Rusiyada Azərbaycan diasporasının rəhbərlərinə münasibətdə bu ölkənin Federal Təhlükəsizlik və Məhkəmə orqanlarının açıqlamalarında məsuliyyətə cəlb edilən diaspora rəhbərlərinin vergilərdən yayınması, Rusiyadakı kriminal mühitlə qanundan kənar əlaqələri və bunun nəticəsi olaraq cinayət hadisələrində iştirakı və.s ilə bağlı məlumatlar həmişə olub. Azərbaycandan olan bir sıra ekspertlərə görə, Rusiyadakı rəsmi qurumlar diaspora rəhbərlərindən Azərbaycanla münasibətlərə loyal yanaşma, habelə, Rusiya tərəfi ilə əməkdaşlıqda maraqlı olduqlarından bu təklifləri qəbul etməyənlərə münasibətdə belə bir təzyiq yolunu seçiblər və bu sifarişin rəsmi Moskva tərəfindən gəldiyi iddia edilir. Halbuki, tərəflərin məlum məsələlərə rəsmi açıqlamalarında belə bir dəsti-xətt özünü göstərmir.
.jpg)
Əsasən hər iki tərəfdə bəlli media qurumlarında Moskva və Bakı arasında münasibətlərdə gərginliyin artmasında maraqlı olan və konyuktur maraqlara köklənən qüvvələrin sifarişi ilə "stəkanda fırtına" yaratmaq cəhdlərində bulunan qüvvələrin olduğunu müşahidə edirik.
Tərəflər arasında ticari iqtisadi münasibətlərdə dövriyyənin ilbəil yüksəlməsi (2025-ci ildə bu dövriyyə 2,5% artaraq 4,92 milyard dollara çatmışdır, halbuki 2022-ci ildə 3 milyard 710 milyon dollardan bir qədər artıq olmuşdur), kənd təsərrüfatı, energetika, loqistika sahəsində əməkdaşlığın genişlənməsi, Şimal-Cənub nəqliyyat dəhlizi ilə yükdaşınmaların artması, beynəlxalq və subregional təşkilatlar çərçivəsində olan əməkdaşlıq və.s göstərir ki, mənzərə heç də, bəlli media qurumlarında işıqlandırıldığı kimi deyil. Başqa məsələdir ki, keçən ilin dekabrında Azərbaycana məxsus sərnişin təyyarəsi Rusiyanın hava məkanında bu ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduqdan sonra həqiqətən tərəflər arasında münasibətlərdə müəyyən gərginlik yaşanmış, lakin Rusiya prezidenti Putinin baş verən hadisəyə görə dövlətimiz və onun başçısından, həlak olanların ailələrindən üzrxahlıq istəməsi, dəymiş ziyana görə kompensasiyanın ödənilməsindən sonra münasibətlərin əvvəlki axara düşməsi mümkün olmuşdur. Rusiyadakı azərbaycanlı diaspor təmsilçilərinin bəzilərinin bu ölkədəki kriminal dairələrlə iş birliyi barədə materiallara gəlincə bu barədə məlumatlar Rusiya ilə yanaşı, elə ölkəmizin də müstəqil media qurumlarının yayımladığı məlumatlarda öz əksini tapmışdır".
Zeynəb Mustafazadə