Dəmir yolları və geopolitik balans: Rusiya hələ də İrəvanı idarə edir- ÖZƏL
16:25 Siyasət"Rusiyanın Ermənistana təzyiq imkanları hələ də müxtəlif istiqamətlər üzrə mövcuddur. Bu təsir rıçaqları əsasən iqtisadi sahədə özünü göstərsə də, ölkədə yerləşən hərbi baza, enerji layihələri və xüsusilə dəmir yolları vasitəsilə də həyata keçirilə bilər.
Ümumilikdə Ermənistanın dəmir yollarının idarə olunması Rusiyanın nəzarətindədir və bu amil strateji əhəmiyyət daşıyır. TRIPP (Zəngəzur dəhlizi) layihəsi təkcə iqtisadi və nəqliyyat maraqları ilə məhdudlaşmır. Bu layihə həm də Ermənistandakı daxili siyasi proseslərə təsir vasitəsi kimi istifadə oluna bilər".
.jpg)
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:
"Moskva müəyyən qərarların qəbulunda öz payını təmin etmək məqsədilə təzyiq göstərə, qarşıdan gələn parlament seçkiləri ərəfəsində İrəvan hökumətini daha çox Rusiya maraqlarına uyğun siyasət yürütməyə təşviq edə bilər. Eyni zamanda, layihənin icrası ilə bağlı texniki və inzibati maneələr, gecikmələr yaradıla bilər. Bu xüsusilə o halda mümkündür ki, Rusiya öz maraqlarının zərər gördüyünü hesab etsin və ya Ermənistan Moskvanın maraqlarına zidd addımlar atsın.
TRIPP dəhlizi Ermənistan ərazisindən keçsə də, dəmir yollarının idarəsi Rusiyanın əlində olduğuna görə, İrəvanın bu məsələdə Moskva ilə razılaşması faktiki zərurətə çevrilir. Rusiya qatarların və yüklərin hərəkətinə məhdudiyyətlər tətbiq edə, tarif siyasəti vasitəsilə təsir göstərə və ya inzibati çətinliklər yarada bilər.
Bu baxımdan Ermənistanın dəmir yolları üzərində tam müstəqil qərarvermə imkanlarının məhdud olduğu qənaəti mövcuddur. Hazırda Rusiya dəhliz ideyasına açıq şəkildə qarşı çıxmır. Lakin ehtimal olunur ki, Moskva bu layihədən İrəvana təzyiq aləti kimi istifadə edərək öz maraqlarına uyğun güzəştlər əldə etməyə çalışa bilər.
Çünki Zəngəzur dəhlizi məsələsi yalnız texniki, maliyyə və iqtisadi layihə deyil. Bu, regionda uzunmüddətli, hətta onilliklərə hesablanmış geosiyasi güc balansı məsələsidir. Rusiya dəmir yolları üzərindəki nəzarətindən bu balansı öz xeyrinə dəyişmək üçün istifadə etməyə çalışa bilər.
Digər tərəfdən Ermənistan son illərdə daha çox Qərbə meyilli siyasət yürüdərək Rusiyanın təsir imkanlarını azaltmağa çalışır. Avropa İttifaqı müşahidə missiyası ilə əməkdaşlıq, ABŞ və Avropa ölkələri ilə əlaqələrin genişləndirilməsi bu siyasətin tərkib hissəsidir. Ermənistan perspektivdə dəmir yollarının idarəçiliyində Rusiyanı başqa şirkətlə əvəz etməyi düşünür. Lakin Moskva belə bir ssenarini real hesab etmir və buna qarşı çıxır".
Zeynəb Mustafazadə