Yeni regional mühit: Bakı və İrəvan üçün ortaq imkan pəncərəsi - ÖZƏL
16:17 Siyasət"Azərbaycan uzun illər regionda mürəkkəb və ziddiyyətli geosiyasi mühitdə siyasət aparmaq məcburiyyətində qalıb. Xüsusilə İran və Rusiya kimi regional güclərin Ermənistanı müxtəlif formalarda dəstəkləməsi Azərbaycanın manevr imkanlarını məhdudlaşdırırdı. Bu səbəbdən rəsmi Bakı həm region ölkələri ilə, həm də Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları ilə paralel və balanslaşdırılmış münasibətlər qurmağa çalışırdı."
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Hazırda isə regionda geosiyasi konfiqurasiyanın dəyişməsi ehtimalı Azərbaycan üçün yeni və daha əlverişli istiqamətlər aça bilər. Əgər İran-ABŞ qarşıdurması fərqli mərhələyə keçərsə və ya İranın mövcud xarici siyasət kursunda ciddi dəyişiklik baş verərsə, bu, Cənubi Qafqazda yeni geosiyasi mühit formalaşdıra bilər. Belə bir şəraitdə Azərbaycanın manevr imkanlarının da genişlənməsi mümkündür.
Əvvəlki dövrlərlə müqayisədə mühüm fərq ondan ibarətdir ki, Azərbaycan-Ermənistan hərbi qarşıdurması artıq əvvəlki intensivlikdə deyil və tərəflər daha açıq, çoxtərəfli əməkdaşlıq modelinə üstünlük verməyə çalışırlar. Əgər regionda həm İranın, həm də Rusiyanın Qərbə qarşı sərt siyasəti zəifləyərsə, bu, həm Azərbaycan, həm də Ermənistan üçün yeni iqtisadi və siyasi imkanlar yarada bilər.
Bir vaxtlar Ermənistan Rusiya və İranla daha sıx koordinasiyalı siyasət apararaq Azərbaycana təzyiq mexanizmlərində iştirak edirdi. Lakin hazırkı mərhələdə İrəvan da daha balanslı və çoxşaxəli xarici siyasət kursu yürütməyə çalışır. Bu isə regionda yeni əməkdaşlıq imkanlarını gündəmə gətirir.
Xüsusilə Donald Trump administrasiyasının İrana münasibətdə sərt xətt siyasəti və Qafqazla bağlı mümkün yeni təşəbbüsləri reallaşarsa, bu, regionun geosiyasi arxitekturasını dəyişə bilər. Həm Azərbaycan, həm də Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq formatında əməkdaşlıq etməsi belə dəyişikliklərin təsirini artırır.
Eyni zamanda, region üçün mühüm strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizi məsələsində də beynəlxalq aktorların marağı artmaqdadır. ABŞ-ın bu istiqamətdə mümkün təsir imkanları regionda formalaşacaq yeni geosiyasi düzənin konturlarına təsir göstərə bilər.
Nəticə etibarilə, Qafqazda geosiyasi balansın dəyişməsi ehtimalı Azərbaycan və Ermənistan üçün risklərlə yanaşı, yeni imkanlar da yarada bilər. Bu imkanlardan necə istifadə olunacağı isə hər iki ölkənin strateji seçimlərindən asılı olacaq."
İbrahim Məmmədli