Ərdoğan üçüncü müddətə namizəd olur-Bakıdan REAKSİYA
15:44 SiyasətAnkaradakı siyasi dairələr uzun müddətdir ki, Türkiyənin siyasi gələcəyi üçün aktual olan bir məsələni sakitcə müzakirə edir.
Bu həftə hakim Ədalət və İnkişaf Partiyası (AKP) nəhayət ki, ölkə parlamentinə erkən seçkilərlə bağlı qərar təklif etmək niyyətini təsdiqlədi. Belə bir addım Rəcəb Tayyib Ərdoğanın üçüncü prezidentlik müddətinə namizədliyinin yolunu açacaq.
AKP sədrinin müavini Mustafa Elitaş erkən seçkilərin 2027-ci ilin noyabr ayında keçiriləcəyini açıqladı və bununla da müzakirələri rəsmi siyasət sahəsinə yönəltdi. Daha sonra, 22 fevralda verdiyi müsahibədə AKP-nin təşkilati işlər üzrə sədr müavini Əhməd Böyükgümüş məqsədin Ərdoğana yenidən namizədliyini irəli sürmək və qalib gəlmək imkanı vermək olduğunu təsdiqlədi. "Bunun baş verməsi üçün parlament 360 səslə növbədənkənar seçkilər barədə qərar verməlidir. Biz bunun baş verməsi üçün əlimizdən gələni edirik", - deyə o vurğuladı.
Haqqın.az-ın mövzu ilə bağlı təhlilində deyilir ki, Türkiyə Konstitusiyasına görə, Ərdoğan yalnız parlament 360 səslə növbədənkənar seçkilər təyin edərsə, yenidən namizədliyini irəli sürə bilər. Lakin AKP-nin 275 yeri var, müttəfiqi Milliyyətçi Hərəkat Partiyasının (MHP) isə cəmi 47 yeri var. Buna görə də, müşahidəçilər " AKP-nin ilk hədəfinin hakim partiyadan ayrılaraq "Gələcək" və "DEVA" siyasi partiyalarını quran millət vəkilləri olacağını proqnozlaşdırırlar. Lakin siyasi analitiklər hesab edirlər ki, millət vəkillərini "ovlamaq" kimi mürəkkəb vəzifədən başqa, Ərdoğanın seçkilərdə iştirakının yolunu açmaq üçün digər hüquqi variantlar da mövcuddur. Bunlardan biri DEM partiyası ilə bağlıdır. DEM-in 56 millət vəkili var: son aylarda hökumətlə partiya arasında mümkün hüquqi dəyişikliklərlə bağlı əlaqələr qurulub. Ankaradakı mütəxəssislər partiyaların Konstitusiyaya kiçik dəyişikliklər barədə razılığa gələ biləcəklərini istisna etmirlər.
Lakin analitiklər vacib bir sual verirlər: əgər CHP seçkilərin 2028-ci ildə keçirilməsi şərti ilə Ərdoğanın iştirakını qəbul etməyə hazırdırsa, hökumət niyə 2027-ci ilin noyabrında israr edir?
Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, Türkiyədə Rəcəb Tayyib Ərdoğanın üçüncü müddətə prezident seçilməsi ilə bağlı ideya yeni deyil, zaman-zaman müxtəlif şəxslərin dilindən bu səsləndirilib. Sadəcə olaraq, cənab Ərdoğanın üçüncü dəfə prezidentliyə namizəd verilməsinin qarşısında bir konstitusion əngəl var. İndi o əngəli aradan qaldırmağın yolları aranır: "Konstitusiyaya görə eyni şəxs iki dəfədən artıq Türkiyə Prezidenti seçilə bilməz. Bu baryeri keçmək üçün Konstitusiyanın başqa bir maddəsinə istinadən taktiki bir gediş gedilir. Qeyd olunur ki, əgər fəaliyyətdə olan prezident öz səlahiyyət müddətini başa vurmadan erkən seçkilərə gedilərsə o, həmin seçkilərdə namizəd kimi iştirak edə bilər. Bu baxımdan AKP məhz belə bir variantı seçməklə Rəcəb Tayyib Ərdoğanın növbədənkənar seçkilərdə namizəd olmasına çalışır. Nəzərə alsaq ki, Türkiyədə hazırkı vəziyyətdə prezident seçkiləri 2028-ci il may və ya iyun ayında keçirilməlidir, növbədənkənar seçkilərə gedilməzsə 2028-ci ilidə Ərdoğanın prezidentliyə namizəd olması mümkün olmaz. Ona görə də seçkiləri erkən keçirməklə Ərdoğanın iştirakına yol açılır. AKP-nin israrı bunun üçündür"