Üç supergüc, tək saziş: Vaşinqton Pekini nüvə masasına necə gətirəcək? – ÖZƏL

ABŞ Dövlət katibi Marko Rubio bəyan edib ki, müasir dövrdə real nüvə silahı nəzarəti yalnız  ABŞ, Rusiya və Çinin iştirakı ilə mümkündür.
Rubio vurğulayıb ki, Pekinin nüvə potensialı sürətlə artdığı üçün Donald Tramp administrasiyası ikitərəfli razılaşmaları artıq yetərli hesab etmir. Dövlət katibi etiraf edib ki, əgər Çin bu formatdan imtina edərsə, yeni sazişin imzalanması qeyri-mümkün olacaq, çünki Vaşinqtonun Pekini buna məcbur etmək rıçaqları məhduddur.

Mövzunu Olaylar.az-a şərh edən siyasi ekspert Elçin Xalidbəyli bildirib ki, Tramp administrasiyası qlobal nizamı fərqli şərtlər daxilində dəyişməyə cəhd göstərir. Nüvə silahlarının yayılmasının qarşısının alınmasına dair mövcud müqavilələrin müddətinin başa çatmasından sonra ABŞ yeni format axtarışına çıxıb. Lakin Vaşinqtonun düşündüyü model elə bir çərçivədir ki, bu format çərçivəsində təkcə Rusiya və Çin deyil, dolayısı ilə Avropa ölkələri də daxil olmaqla digər dövlətlər də nəzarət mexanizminin təsiri altında qalsın.
Hazırda ABŞ nüvə silahlarına nəzarətlə bağlı Rusiya və Çinlə üçtərəfli müqavilə bağlamaq niyyətində olduğunu bəyan edir. Bu yanaşma Tramp administrasiyasının dünyada üç supergüc üzərində qurulan yeni güc balansı formalaşdırmaq istədiyini göstərir. Ancaq bu model mövcud reallığı tam əks etdirmir.

Ekspert qeyd edib ki, administrasiyanın əsas manevrlərindən biri Çini daha sərt nəzarət mexanizminə cəlb etməkdir. Vaşinqtonda artıq belə hesab olunur ki, Rusiya ABŞ-nin əsas qlobal rəqibi deyil. Ukrayna müharibəsi fonunda Rusiya ciddi şəkildə zəifləyib və onun əlində əsas strateji alət kimi nüvə potensialı qalıb. Növbəti mərhələdə Rusiyanı iqtisadi, ticari və maliyyə baxımından ABŞ-dən daha asılı vəziyyətə salmaq hesablamaları aparılır. Əgər buna nail olunarsa və eyni zamanda üçtərəfli nüvə anlaşması imzalanarsa, o zaman ABŞ-nin təsir imkanları Rusiya üzərində daha da artmış olar. Belə bir situasiyada Rusiyanın dəstəyi və ya neytrallığı fonunda Çinə qarşı təzyiq göstərmək Vaşinqton üçün daha asan ola bilər. Görünən odur ki, ABŞ üçün əsas strateji rəqib artıq Çindir. Ona görə də Çinin fəaliyyət imkanlarının məhdudlaşdırılması və ya onun qlobal təsirinin balanslaşdırılması istiqamətində addımlar atılır. Müxtəlif ssenarilərin nəzərdən keçirildiyi müşahidə olunur.

"Rəsmi Pekin isə mövcud vəziyyətin kifayət qədər mürəkkəb və həlledici mərhələyə yaxınlaşdığını anlayır. ABŞ ilə rəqabətin strateji xarakter aldığını nəzərə alaraq, Vaşinqtonun təklif etdiyi analoji sazişlərdə iştirak etməyə o qədər də həvəsli görünmür. Çin daha çox suveren və müstəqil manevr imkanlarını qorumağa çalışır və ABŞ-nin təsiri altında ola biləcək mexanizmlərə qoşulmaqdan yayınır. Bunun əsas səbəblərindən biri də qarşılıqlı etimadın zəif olmasıdır. Çin və ABŞ arasında həm texnoloji, həm ticari, həm də geosiyasi istiqamətlərdə ciddi rəqabət mövcuddur və maraqlar bir çox nöqtədə kəskin şəkildə toqquşur. Tramp administrasiyasının üçtərəfli nüvə anlaşması ssenarisi isə qlobal reallığı tam əks etdirmir. Çünki dünyada nüvə silahına sahib olan yalnız üç dövlət yoxdur. Bu sıraya Böyük Britaniya, Fransa və Şimali Koreya da daxildir. Əgər söhbət qlobal nüvə təhlükəsizliyindən gedirsə, belə bir müqavilədə bu dövlətlərin də iştirakı vacib olardı. Lakin mövcud yanaşmadan belə anlaşılır ki, ABŞ üçün əsas prioritet Çini müəyyən çərçivə daxilində nəzarətdə saxlamaqdır və təklif olunan format da daha çox bu məqsədə xidmət edir", - deyə ekspert əlavə edib.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31