İlham Əliyev İrəvan dəvətinə “yox” dedi-nəzərlər Ərdoğana yönəldi...

Cari ilin mayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin növbəti Sammiti ərəfəsində regionda diplomatik fəallıq və mümkün təmaslarla bağlı müzakirələr intensivləşib. Heç şübhəsiz ki, burada əsas diqqətlər Azərbaycan və Türkiyə liderlərinin üzərinə yönəlib. Məlumdur ki, iki qardaş ölkənin rəhbəri də iştirak üçün İrəvana dəvət olunub.Artıq rəsmi Bakının bu tədbirlə bağlı mövqeyi aydınlaşıb. Bununla əlaqədar Xocalı ziyarəti zamanı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib:
"Azərbaycan sözügedən toplantıda hər hansı səviyyədə təmsil olunmağı planlaşdırmır və dövlət başçısının səfər qrafikində may ayında Ermənistana səfər nəzərdə tutulmayıb".
Bu açıqlama iki ölkə arasında münasibətlərin hazırkı mərhələsi və regional siyasi proseslər fonunda xüsusi diqqət çəkib.

Siyasi analitik Asif Nərimanlı Musavat.com-a açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Ermənistanda keçiriləcək sammitinə getməməsi gözlənilən və doğru qərardır:
"İlk növbədə, təhlükəsizlik zəmanəti güclü deyil. Təbii ki, sammitin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur, lakin Bakı-İrəvan sülh prosesinə qarşı olan qüvvələrin, eləcə də Ermənistanda revanşistlərin olduğunu nəzərə alsaq, risklər mövcuddur. Bununla yanaşı, sülh sazişi layihəsi paraflansa da, yekun müqavilə imzalanmayıb və Bakı-İrəvan xəttində həll edilməli məsələ - Ermənistan konstitusiyasının dəyişdirilməsi qalır. Sülh sazişi tamamlanmadan, etimad mühiti qurulmadan bu səviyyədə səfərlərin olması ehtimalı azdır. Yüksək səviyyəli səfər dəvəti ilk dəfə Bakıdan verilmişdi. COP-29 zamanı Azərbaycan Ermənistanın baş naziri Nikol Paşinyanın Bakıya gəlişini gündəmə gətirsə də, qarşı tərəf bundan imtina etdi. Bunun fonunda Əliyevin İrəvana getməkdən imtina etməsi gözlənilən idi. Ermənistan hakimiyyəti Azərbaycan Prezidentinin sammitdə iştirakında maraqlı tərəfdir, çünki bundan sülh gündəliyinin nə qədər real olduğunu ictimaiyyətə göstərmək üçün istifadə etməyi düşünürdü, xüsusilə seçki öncəsi bu, Paşinyana sərf edir. Digər maraqlı tərəf Avropa İttifaqıdır. Bu, Avropa İttifaqına Bakı-İrəvan sülh prosesində yer almaq imkanları yarada bilərdi. Azərbaycan liderinin İrəvana getməməsi Ermənistan hakimiyyəti və Aİ-nin planlarına zidd olsa da, mövcud şərtlərdə konkret səbəblərdən qaynaqlanır və doğru qərardır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31