Bakıdan Moskvaya açıq mesaj verildi-Azərbaycan konkret addımlar gözləyir
13:25 SiyasətAzərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı ziyarəti zamanı mətbuata verdiyi açıqlamalar xüsusi diqqət çəkib. O, 2024-cü ilin dekabrında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə olayını bir daha qabardıb. Nazir növbəti dəfə bəyan edib ki, ölkəsinin bu məsələdə mövqeyi qətidir.
Azərbaycan tərəfi hesab edir ki, hadisənin Rusiya Müdafiə Nazirliyinin səhvi nəticəsində baş verdiyi rəsmən qəbul edilməli, məsul şəxslər barədə tədbirlər görülməli və zəruri kompensasiyalar ödənilməlidir.
"Rusiya tarix boyu Azərbaycan xalqının azadlıq mübarizəsini, müstəqil siyasətini həzm edə bilməyib və onun maraqlarına həmişə müdaxilə cəhdləri göstərib. Bu mövqe, təəssüf ki, yalnız müasir dövrdə deyil, XX əsrin faciəli hadisələrində - 20 Yanvar qırğını və Xocalı soyqırımı kimi qanlı səhifələrdə də özünü göstərib. Eyni zamanda, son dövrdə konkret olaraq Rusiya tərəfinin bəyanatları ilə əməllərinin üst-üstə düşməməsi, AZAL təyyarəsinin vurulmasının təsadüfi olmadığı təəssüratını yaradır".
Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Rusiyanın necə yanaşmasından asılı olmayaraq Azərbaycanın mövqeyi bu məsələdə prinsipial və dəyişməzdir: "Xarici işlər naziri Ceyhun Bayramovun jurnalistlərə açıqlamasında da bəyan etdiyi kimi ötən ilin oktyabrında Prezident İlham Əliyev ilə Vladimir Putin arasında keçirilmiş görüşdə Rusiya rəhbərinin səsləndirdiyi yanaşma təsdiqini tapmalıdır. Yəni, təyyarənin vurulmasının Rusiya MN-in səhvi ucbatından baş verdiyi əsas götürülərək məsuliyyət daşıyanlar barəsində tədbirlər görülməli, hüquqi qiymət verilməli və zərərçəkənlərə kompensasiyalar ödənilməlidir".
V.İskəndərov deyib ki, bu məsələyə yanaşmanın yalnız bəyanat səviyyəsində qalması tərəflər arasında etimadın möhkəmlənməsinə xidmət etməyəcək: "Rusiya tərəfinin konkret addımlar atması həm iki ölkə arasında münasibətlərin şəffaf və etibarlı olmasını təmin edəcək, həm də regionda sabitliyin qorunmasına töhfə verəcək".