Dini fətva Trampı yumşaladacaq? – Pezeşkianın açıqlamasının mümkün təsirləri
13:05 Siyasətİran prezidenti Məsud Pezeşkian İranın nüvə silahı hazırlamadığını və bunun birbaşa dini qadağa ilə bağlı olduğunu bəyan edib. Prezidenti vurğulayıb ki, Ali Lider Ayətullah Əli Xameneinin kütləvi qırğın silahlarını qadağan edən fətvası ölkə üçün dəyişməz qanundur:
"Cəmiyyətin dini lideri siyasətçilər kimi yalan danışa bilməz. O, "bizdə nüvə silahı olmayacaq" deyirsə, deməli, həqiqətən olmayacaq. Biz dəfələrlə bəyan etmişik ki, nüvə silahına can atmırıq".
Prezidentin bu açıqlaması ABŞ-nin mövqeyinə təsir göstərəcəkmi? Tramp bu açıqlamaya inanacaq?
Siyasi şərhçi Aydın Quliyev Musavat.com-a bildirib ki, ABŞ üçün əsas meyar dini bəyanat deyil, texniki faktdır. ABŞ siyasətində istər demokrat, istərsə də respublikaçı administrasiyalar dövründə İran məsələsində əsas kriteriya fətva yox, uranın zənginləşdirmə səviyyəsi, sentrifuqaların sayı və MAQATE nəzarətidir: "Vaşinqton üçün əsas sual budur ki, İran uranı neçə faiz zənginləşdirir? Silaha çevrilə biləcək həddə texniki imkan varmı? Beynəlxalq nəzarət mexanizmləri işləyirmi?
Yəni dini arqument siyasi ritorika kimi qəbul oluna bilər, amma strateji qərarları dəyişən faktor sayılmır.
Donald Trampın dini fətvaya əsaslanaraq yumşalması real görünmür. O, bunu daxili auditoriyaya yönəlmiş siyasi bəyanat kimi qiymətləndirə bilər. Əgər hansısa dəyişiklik olarsa, bu yalnız danışıqlar kontekstində, konkret texniki öhdəliklər qarşılığında ola bilər".
Ekspert hesab edir ki, ABŞ-nin mövqeyində prinsipial dəyişiklik çətin görünür: "Amma Pezeşekianın danışıqlar ərəfəsində verdiyi bəyanatın diplomatik təsiri ola bilər. Unutmayaq ki, bu açıqlama 26 fevral 2026-cı il tarixində Cenevrədə başlayan ABŞ-İran danışıqlarından bir neçə sata öncə. Çünki İran danışıqlara gedərkən "silah istəmirik" mesajı ilə gərginliyi azaltmağa çalışır".