Almaniyadan İrana Həmas xəbərdarlığı: Pezeşkian belə cavab verdi
20:46 SiyasətCenevrədə İran və ABŞ arasında keçiriləcək növbəti nüvə danışıqları ərəfəsində beynəlxalq səviyyədə gərgin siyasi bəyanatlar səslənməkdə davam edir. Almaniya İranı regiondakı silahlı qruplaşmalara dəstəyi dayandırmağa çağırdığı halda, Tehran danışıqlara nikbin yanaşdığını açıqlayıb.
Globalinfo.az xəbərinə görə, Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib ki, İran ABŞ-la aparılan danışıqlar çərçivəsində Qəzzadakı HƏMAS, Livandakı "Hizbullah" və Yəməndəki husilər də daxil olmaqla silahlı qruplara dəstəyini dayandırmaq öhdəliyi götürməlidir.
O vurğulayıb ki, Almaniya İsrail dövlətinin təhlükəsizliyi ilə bağlı xüsusi məsuliyyət daşıyır.
Berlin rəsmiləri eyni zamanda İranın Cenevrədə planlaşdırılan nüvə danışıqlarında konstruktiv mövqe sərgiləyəcəyinə ümid etdiklərini bildiriblər.
İran prezidenti Məsud Pezeşkian isə qarşıdakı ABŞ-İran dialoqu ilə bağlı nikbin olduğunu deyib. Onun sözlərinə görə, ölkənin xarici işlər naziri Abbas Əraqçi danışıqlarda iştirak etmək üçün artıq Cenevrəyə yollanıb və Tehran müharibə vəziyyətindən çıxmağa çalışır.
Bununla yanaşı, İran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü İsmayıl Kövsəri ABŞ-ı regiondan hərbi dəniz qüvvələrini çıxarmağa çağırıb və mümkün hərbi addımların cavabsız qalmayacağını bildirib.
ABŞ prezidenti Donald Tramp isə Tehranla nüvə proqramı üzrə razılaşmaya üstünlük verdiyini desə də, hərbi ssenarinin də istisna olunmadığını vurğulayıb. Bildirilir ki, fevralın 26-da Cenevrədə keçiriləcək danışıqların üçüncü raundunda İran nümayəndə heyətinə Abbas Əraqçi, ABŞ tərəfinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edəcək.
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi isə xəbərdarlıq edib ki, danışıqların uğursuzluğu regionda güc tətbiqi riskini artıra bilər və mövcud böhranın yalnız razılaşma yolu ilə həlli mümkündür.