Türkiyə F-16-sının sirli qəzası: olayın arxasında nə dayanır? – 4 versiya
19:49 SiyasətXəbər verdiyimiz kimi, Türkiyənin Balıkesir şəhərindəki 9-cu Ana Reaktiv Aviasiya Bazasından havaya qalxan F-16 tipli döyüş təyyarəsi qəzaya uğrayıb. Hadisənin səbəbi hələlik rəsmi şəkildə açıqlanmasa da, müxtəlif ehtimallar irəli sürülür.
Bu tip müasir qırıcıların PUA ilə toqquşması və ya kənar müdaxilə nəticəsində zərər görməsi mümkündürmü?
Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, belə hadisələrin əsasən dörd mümkün səbəbi olur:
"Texniki nasazlıq, pilot səhvi, əlverişsiz hava şəraiti və kənar müdaxilə. Kənar müdaxilə dedikdə həm atəş açılması, həm də radiotexniki və ya radioelektron təsir nəzərdə tutula bilər.
Hazırda araşdırma aparılır. Pilotun yerüstü idarəetmə məntəqəsi ilə əlaqəsi, eləcə də təyyarənin texniki göstəricilərini qeydə alan "qara qutu" məlumatları təhlil edilir. Komissiyanın rəsmi rəyi açıqlanmadan qəzanın konkret səbəbi barədə qəti fikir söyləmək düzgün olmaz.
Dronla toqquşma və ya digər hava vasitəsinin atəşinə məruz qalma versiyaları nəzəri olaraq araşdırıla bilər. Lakin bölgədə fəaliyyət göstərən radiolokasiya stansiyaları Türkiyə hava məkanına daxil olan hər hansı pilotsuz uçuş aparatı və ya hava hücum vasitəsini qeydə almalı idi. Bu səbəbdən hazırkı mərhələdə belə ehtimalları dəqiq qiymətləndirmək mümkün deyil. Araşdırmanın nəticələrini gözləmək lazımdır. Ehtimal ki, gələn ayın sonuna qədər daha ətraflı məlumat veriləcək".
Ekspert qeyd edib ki, F-16 kimi hərbi təyyarələrin qəzaya uğramasında ən çox rast gəlinən səbəblər texniki nasazlıq, insan faktoru və əlverişsiz hava şəraitidir:
"Mütəxəssislər bildirirlər ki, dronla toqquşma nəzəri baxımdan mümkün olsa da, bu cür hallar olduqca nadirən qeydə alınır. Hərbi hava məkanında nəzarət sistemlərinin güclü olması riskləri minimuma endirir. Vurulma ehtimalı isə sülh şəraitində son dərəcə aşağı qiymətləndirilir və rəsmi təsdiq olmadan belə versiyalar əsas götürülmür".