Ermənistan iqtisadiyyat naziri: "Azərbaycan benzini daha ucuzdur və sürətlə satılır" ÖZƏL

Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan ölkə bazarında Azərbaycan mənşəli yanacağın satışı və iki ölkə arasındakı ticarət perspektivləri barədə diqqətçəkən açıqlamalar verib.

Olaylar.az xəbər verir ki, fevralın 25-də jurnalistlərə açıqlama verən nazir bildirib ki, hazırda 430 drama (təxminən 1.80 AZN) satılan Azərbaycan benzini Ermənistanda böyük rəğbətlə qarşılanır və çox qısa müddətdə tükənir. Papoyan qeyd edib ki, Azərbaycan benzini bazarda olmayanda digər mənbələrdən gələn yanacağın qiyməti dərhal yüksəlir.

"Nəticə budur ki, əhalinin hər zaman ucuz yanacağı olması üçün Azərbaycan benzini çox alınmalıdır. Vətəndaşlar hər 10 litrə görə 750 dramdan çox qənaət edirlər" - deyə nazir vurğulayıb.

Nazirin sözlərinə görə, Azərbaycan tərəfi Ermənistana ixrac edə biləcəyi geniş məhsul siyahısını təqdim edib. Ermənistan tərəfi də analoji addımı ataraq öz ixrac imkanlarını qarşı tərəfə çatdırıb. Papoyan hələlik ciddi rəqabət üstünlüklərinin tam formalaşmadığını, lakin prosesin davam etdiyini bildirib.

Ticarət əlaqələrində müəyyən psixoloji faktorların hələ də mövcud olduğunu etiraf edən nazir, buna baxmayaraq ticarətin inkişaf edəcəyinə əminliyini ifadə edib: "Əminəm ki, ikitərəfli ticarətin potensialı yüz milyonlarla dollar təşkil edir, lakin bunun üçün zaman lazımdır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31