Separatçı liderin "xeyriyyəçilik" maskası: Bakıdakı məhbusun Ermənistandakı siyasi hədəfləri – ÖZƏL
15:16 SiyasətQarabağdan köçən yeddi ailəyə Ermənistanın Tatev icmasında kənd təsərrüfatı təyinatlı torpaq sahələri ayrılıb. Bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, torpaq sahələri Bakıda 20 il müddətinə azadlıqdan məhrum edilmiş Ruben Vardanyan ailəsi tərəfindən hədiyyə olunub. Halidzor kənd sakini Lyusvard Ohanyan məlumatı təsdiqləyərək Vardanyanın həbsdə olsa da, insanları düşündüyünü bildirib. Bu fakt göstərir ki, həm Vardanyan ailəsinin əlində böyük pullar var, həm də həbsdə olsa belə, özü haqda Qarabağı tərk edən ermənilərdə müsbət imic yaratmağa çalışır. Demək, Vardanyan azadlıqda olsa, Ermənistanda "artsax uğrunda mübarizə" adı ilə daha böyük kampaniya başlada, yenə bəd əməllərlə məşğul ola bilər.
"Ruben Vardanyan milyarderdir və çox böyük maliyyə imkanlarına malikdir. Belə bir addımın arxasında isə Ermənistan daxilində siyasi manipulyasiya cəhdi dayanır. Məqsəd Paşinyan hakimiyyətinə qarşı təzyiq formalaşdırmaqdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Samir Hümbətov deyib. Ekspert bildirib ki, niyyət ondan ibarətdir ki, Ermənistan daxilində müxtəlif manipulyativ üsullarla Paşinyan hökuməti küncə sıxışdırılsın və məcbur edilsin ki, bu məsələni beynəlxalq səviyyəyə çıxarsın. İkitərəfli görüşlərdə, beynəlxalq platformalarda Vardanyanın həbsi məsələsini gündəmə gətirsin və onun azad olunması tələbi ilə çıxış etsin. Əsas məqsəd də məhz budur.
"Açıq görünən odur ki, Ermənistanın mövcud hakimiyyətinə birbaşa təsir imkanları məhdud olduğuna görə, müxtəlif vasitələrə əl atılır. Bu prosesdə Vardanyanın ailəsi və ətrafı üzərindən təsir mexanizmlərinin işə salındığı görüntüsü yaranır. Belə hesab olunur ki, ictimai rəyə təsir etmək üçün müəyyən imtiyaz və ya təşviqedici addımlar göstərilərək "Vardanyan uğrunda mübarizə" obrazı formalaşdırılsın və bununla da cəmiyyət Paşinyan hakimiyyətinə təzyiq göstərməyə sövq edilsin. Paşinyanın istər ikitərəfli görüşlərdə, istər beynəlxalq tədbirlərdə, istərsə də digər platformalarda bu məsələni qaldırmasına nail olmaq hədəflənir. Düşünürəm ki, bu cür çağırışların arxasında dayanan əsas səbəb də məhz budur. Eyni zamanda, bu təşəbbüsün birbaşa ailə daxilindən deyil, hansısa xarici və ya maraqlı qüvvələrin məqsədyönlü şəkildə yönləndirdiyi bir addım olması ehtimalı da istisna edilmir", - deyə ekspert əlavə edib.
S. Hümbətovun fikrincə, belə addımların real nəticə verəcəyini düşünmək çətindir. Çünki beynəlxalq səviyyədə, o cümlədən xarici rəsmilərin Azərbaycana səfərləri zamanı saxlanılmış separatçılarla bağlı məsələlər qaldırılanda, Azərbaycan dövləti öz mövqeyini açıq şəkildə ifadə edir və məsələ ilə bağlı prinsipial yanaşmasını bildirir. Bu baxımdan hesab etmək olar ki, sözügedən məsələ Azərbaycan üçün artıq hüquqi müstəvidə həll olunmuş sayılır və baş verənlər daha çox Vardanyanın növbəti təxribat cəhdi kimi qiymətləndirilə bilər.
Lamiyə Cəbrayılova