Xocalı faciəsi həm də bədii filmlər vasitəsilə auditoriyaya çatdırılmalıdır

Vətən müharibəsində tarixi qələbə qazanıb, işğal altında qalmış ərazilərimizi azad etsəkdə, Xocalı faciəsini heç zaman unutmamalıyıq.  Həmin qanlı tarix yalnız fevral ayının 25-26-da deyil, hər zaman xatırlanmalıdır.  Qənaətimcə, Xocalı haqqında kitablar, məqalələr yazmaqla bərabər, peşəkar səviyyədə bədii filmlər də çəkilməli idi. 
Təəssüf ki, XX əsrin faciəsi hesab olunan Xocalı hadisələri ilə bağlı bizim yetərli bədii filmlərimiz yoxdur. Müharibə mövzusunda peşəkar çəkilmiş filmlər gələcək nəsillərə yalnız informasiya vermir, yaddaşı təzələmir, həm də emosianal təsir göstərir. Bəzən media quruluşlarının görə bilmədiyi təbliğat işini kino sənəti böyük auditoriyaya çatdıra bilir. 
Xocalı faciəsi ilə bağlı yalnız illər öncə Vahid Mustafayevin çəkdiyi "Xoca" filmi diqqətimi cəlb etmişdi. Bu ekran əsərində beynəlxalq kodlar  xarici auditoriyaya çıxış üçün düzgün seçilmiş vasitə idi. "Xoca"  filminin çəkilişində  ola bilər texniki qüsurlar olsun. Amma  filmdə bəşəri hisslər, məhəbbət-sevgi var. Həmin dövrün ağrılı prosesləri, müharibə  dəhşətləri, etinasızlıq var. Lakin hər şey ölçüsündədir, yerindədədir, əndazəsindədir. Bu filmə baxan insan məlumatlanır, təəssüflənir, kədərlənir. XX əsrin ən dəhşətli  faciəsi olan Xocalı soyqırımı haqqında informasiya alır,  erməni vəhşiliyinin şahidi olur. Həmçinin ona görə,  təəssüflənir ki, iki gənc qovuşmur. Toy mərasimi belə gözlənilməz sonluqla başa çatır. Mənim Vahid Mustafayevlə heç bir tanışlığım yoxdur. Amma çəkdiyi  bu filmə görə, əvvəlki yazılarımda ona təşəkkür etmişəm. 
Onu qeyd etmək istərdim ki,  belə  kino təcrübəsindən  yəhudilər zamanında istifadə edərək "Pianoçu" bədii filmini və digər filmlərini çəkib dünyaya təqdim ediblər. Həmin  "Pianoçu" filmi vasitəsilə biz sadə tamaşaçılar  II dünya müharibəsində yəhudi  xalqına qarşı baş verən hadisələrdən xəbər tutmuşuq.
Bu gün Azərbaycanda bəzi rejissorlar, kino işçiləri filmlərin populyarlıq qazanmamasından gileylənirlər. Cənablar, Qarabağ müharibəsi, Xocalı faciəsi, arxa cəbhə, insan ağrıları, Azərbaycan hərbiçisinin qəhrəmanlığı və s. haqqında müraciət olunmalı mövzular  kifayət qədərdir. Yetər ki, yalnız peşəkar ssenaristlər və yaradıcı komanda bu mövzulara diqqət göstərsin.
Əkrəm Bəydəmirli
Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin rəhbəri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31