Bu gün Xocalı təkcə faciənin deyil, həm də dirçəlişin simvoludur- ÖZƏL
14:27 Siyasət"Bu gün Xocalı faciəsini törədən, əli günahsız insanların qanına batmış şəxslərin Bakıda ədalət məhkəməsi qarşısında cavab verməsi tarixi ədalətin təntənəsidir. Onların qanun qarşısında məsuliyyətə cəlb olunması göstərir ki, heç bir cinayət cəzasız qalmır və Xocalı şəhidlərinin qisası yerdə qalmayıb. Azərbaycan dövləti beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq cinayətkarların məsuliyyətə cəlb edilməsini qətiyyətlə təmin edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Xocalı şəhəri işğal nəticəsində yerlə-yeksan edilmiş, minlərlə yaşayış evi, məktəb, mədəniyyət ocaqları, tarixi və dini abidələr dağıdılmışdır. Qəbiristanlıqlar vandalizmə məruz qalmış, Azərbaycan xalqının mədəni irsinə qarşı ağır cinayətlər törədilmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis tərəfindən 26 Fevral "Xocalı soyqırımı günü" elan edilmiş, 1997-ci ildən etibarən hər il bu tarixdə ölkə ərazisində saat 17:00-da soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Bu, dövlət səviyyəsində faciəyə verilmiş siyasi və hüquqi qiymətin təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Xocalı və digər işğal altında olan torpaqlarımız düşməndən azad edilmişdir. Bu tarixi Qələbə Xocalı faciəsinin qurbanlarının qisasının alındığını, şəhidlərimizin qanının yerdə qalmadığını bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin Xocalı şəhərində Dövlət Bayrağını ucaltması həm ədalətin bərpasının, həm də milli qürurun təntənəsinin rəmzinə çevrildi. Bu gün Xocalı təkcə faciənin deyil, həm də dirçəlişin simvoludur. Azad olunmuş şəhər və kəndlərə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir, yaşayış məntəqələri yenidən qurulur, infrastruktur bərpa olunur. Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması faciənin əbədi yaddaşda saxlanılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində həyata keçirilən "Xocalıya Ədalət" beynəlxalq kampaniyası mühüm rol oynayır. Bu kampaniyanın təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Onun fəaliyyəti nəticəsində Xocalı həqiqətləri dünyanın müxtəlif ölkələrində geniş şəkildə təbliğ olunmuş, bir sıra dövlətlərin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən faciəyə siyasi-hüquqi qiymət verilmişdir. Xocalı soyqırımı unudulmur və unudulmayacaq. Bu faciənin tanıdılması, günahkarların məsuliyyətə cəlb edilməsi və tarixi həqiqətlərin beynəlxalq səviyyədə qəbul olunması Azərbaycan dövlətinin prinsipial mövqeyidir. Xocalı qurbanlarının xatirəsi Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacaq".