İşğal altında olan bütün ərazilər üzərində dövlət suverenliyimiz bərpa edilib- ÖZƏL

"XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirilən kütləvi qırğın nəticəsində yüzlərlə günahsız insan - qadınlar, uşaqlar, qocalar xüsusi qəddarlıqla qətlə yetirildi. Bu hadisə beynəlxalq humanitar hüququn, Cenevrə konvensiyalarının və insanlıq prinsiplərinin kobud şəkildə pozulması idi. Faciənin baş verdiyi dövrdə Azərbaycan mürəkkəb siyasi və hərbi şəraitdə idi. İnformasiya müharibəsində zəif mövqe, beynəlxalq ictimaiyyətin ikili standartları və regionda mövcud geosiyasi maraqlar Xocalı həqiqətlərinin dünya miqyasında lazımi səviyyədə tanıdılmasına mane olurdu. Uzun illər bu soyqırımına münasibətdə susqunluq və biganəlik hökm sürdü. Lakin Azərbaycan dövləti müstəqilliyini möhkəmləndirdikcə, Xocalı soyqırımının beynəlxalq hüquqi-siyasi müstəvidə tanıdılması istiqamətində ardıcıl və sistemli fəaliyyətə başladı". "Olaylar" xəbər verir ki, bunu Milli Mclisin deputatı Tahir Mirkişili deyib: "Bu proses dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə genişmiqyaslı diplomatik və informasiya fəaliyyəti həyata keçirildi. Xarici ölkələrdə keçirilən tədbirlər, konfranslar, sərgilər, parlament dinləmələri və siyasi təşəbbüslər nəticəsində Xocalı soyqırımı haqqında həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olundu. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət" beynəlxalq kampaniyası qısa müddətdə qlobal miqyas qazandı. Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində anım mərasimləri, maarifləndirici aksiyalar, foto-sərgilər, elmi konfranslar təşkil olundu, geniş informasiya materialları yayımlandı. Nəticə etibarilə bir sıra ölkələr və ölkələrin parlamentləri, o cümlədən ABŞ-ın bir çox ştatları Xocalı soyqırımını tanıyan qərarlar qəbul etdilər. Bu, tarixi ədalətin bərpası istiqamətində mühüm siyasi və mənəvi nailiyyət kimi qiymətləndirilməlidir. Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında sağalmaz yara kimi qalmaqla yanaşı, həm də milli həmrəyliyin və ədalət uğrunda mübarizənin simvoluna çevrildi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqları azad etdi. Bu Zəfər yalnız ərazi bütövlüyünün bərpası deyil, eyni zamanda 30 ilə yaxın davam edən ədalətsizliyə son qoyulması idi. 2023-cü ildə həyata keçirilən 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olundu. Beləliklə, Xocalı da daxil olmaqla, bütün işğal altındakı ərazilər üzərində dövlət suverenliyi bərpa edildi. Bu hadisələr Xocalı şəhidlərinin qanının yerdə qalmadığını, Azərbaycan dövlətinin öz vətəndaşlarının haqqını qorumaq əzmində və qətiyyətində olduğunu bir daha nümayiş etdirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31