Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gələcək

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Jelko Komşiç XIII Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər edəcək.

Trend-in diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, Komşiç Bakıda keçiriləcək forumun növbəti sessiyasında iştirak edəcək.

Forum dövlət və hökumət başçılarını, yüksək vəzifəli rəsmiləri və beynəlxalq ekspertləri əsas qlobal və regional məsələlərin müzakirəsi üçün bir araya gətirir.

Qeyd edək ki, 12-14 mart 2026-cı il tarixlərində "Keçid mərhələsində olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumunun keçirilməsi planlaşdırılır. 2013-cü ildə yaradılmış və Nizami Gəncəvi Beynəlxaq Mərkəzi tərəfindən təşkil olunan forum hazırda vəzifədə olan və sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar və alimlər üçün regional və qlobal siyasətin müzakirə edildiyi platforma rolunu oynayır.

Yeni forum regionda diplomatik fəallığın artdığı bir dövrə təsadüf edir və əsas diqqət geosiyasi keçid prosesləri və beynəlxalq təhlükəsizlik məsələlərinə yönələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31