Avropa gizli planlarını işə saldı: Ukrayna nüvə silahı ilə təmin edilir?- ÖZƏL

"Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) yaydığı məlumata görə, Böyük Britaniya və Fransa Ukraynaya nüvə silahı verməyə hazırlaşır. Hətta xəbərə əsasən, Almaniya Ukraynaya nüvə silahının verilməsinə razılıq nümayiş etdirmir. Ancaq tərəflər rəsmi şəkildə məlumatın nə doğruluğunu təsdiqləyib, nə də təkzib edib". BUnu "Olaylar"a açıqlamasında siyasi şərhçi Vüqar Dadaşov deyib: "Almaniyanın narazılığına gəldikdə isə şübhəsiz ki, Almaniya Avropada Ukrayna kimi yeni bir qlobal gücün yaranmasında maraqlı deyil. Ona görə ki, Almaniya özü Avropanın ABŞ-ı əvəzləyəcək yeni güc mərkəzinə çevrilməyi hədəfləyir və Ukrayna ilə rəqabətdə olmaq, gücünü parçalamaq onun artıq başladığı planlara uyğun gəlmir.
Ukraynaya nüvə silahının verilməsi barədə məlumatın yayımlanması, məsələ ətrafında bir neçə versiyanın müzakirəsini ortaya çıxarıb və bir neçə hədəfi də ola bilər. Qeyd etmək lazımdır ki, Ukraynanın müstəqil şəkildə nüvə silahı əldə etməsi həm elmi-texniki, həm də kadr potensialı baxımından mümkündür. SSRİ dövründə məhz Ukrayna Rusiyadan sonra ikinci respublika idi ki, nüvə silahının istehsalı ilə bağlı əsas texniki infrastruktura malik idi və Birləşmiş Millətlər Təşkilatında müstəqil şəkildə təmsil olunan üç sovet respublikasından biri idi.
O ki qaldı informasiyanın Rusiya tərəfindən yayılmasına, əlbəttə ki, bu, informasiya müharibəsinin elementi kimi, Almaniyanın narazılığı fonunda Avropa və NATO ölkələrinin daxilində mövcud fikir ayrılıqlarına işarə və onların dərinləşdirilməsinə hesablanmış addım da ola bilər.
Ancaq düşünürəm ki, bu məlumatlarda müəyyən həqiqət payı da var və məsələnin ən azı müzakirə edilməsi bir neçə məqsədə xidmət edə bilər.
Ukraynaya nüvə silahının verilməsi məsələsi 1994-cü ildə Ukraynanın nüvə silahından imtinası müqabilində (Budapeşt Memorandumu) ABŞ, Böyük Britaniya və Rusiyanın verdiyi təhlükəsizlik zəmanətləri kontekstində yenidən gündəmə gələ bilər. Hər bir halda, əgər bu zəmanətlər özünü doğrultmayıbsa, Böyük Britaniya mənəvi və hüquqi baxımdan, Ukraynanın ərazi bütövlüyünün qorunması məqsədilə, 1994-cü il öhdəliklərinə (zəmanətə) istinad edərək nüvə silahı vermək məsələsini nəzərdən keçirə bilər.
Qənaətim budur, belə bir məlumatın yayılması Avropa ölkələri tərəfindən məqsədli şəkildə sızdırıla bilər ki, həm Rusiyaya, həm də ABŞ-a tutarlı təzyiq elementi kimi danışıqlar prosesinə təsir etsin. Zənnimcə, söhbət konkret olaraq nüvə silahının verilməsindən getmir; mövzunun özünün müzakirəsi ABŞ-ın Ukraynadan güzəşt tələblərini azaltmaq, Rusiyanın maksimalist iddialarını yumşaltmaq niyyəti daşıya bilər.
Yəni Böyük Britaniya təzyiq diplomatiyası (coercive diplomacy) çərçivəsində təzyiq rçağı (leverage) vasitəsilə minimal resursla maksimal təsir göstərərək eskalasiyanı nəzarətə almağı planlayır. Bu, Londonun əsl ingilis-anqlo-sakson siyasət mexanizmini işə salaraq Putini və Trampı siyasi düşüncə və gedişlərini dəyişməyə məcbur edə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31